Xəzər Xəbər

Ukraynada qadın hərbi qulluqçularının sayı 15 dəfə artıb

Dünya | 12:15 • 18 Sentyabr 2019
Ukraynada qadın hərbi qulluqçularının sayı 15 dəfə artıb

Son on ildə Ukraynada qadın hərbi qulluqçularının sayı 15 dəfə artıb.


AZƏRTAC Ukrayna Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, hazırda Ukrayna ordusunda 27.074 qadın hərbi qulluqçu var. Onlardan 949 nəfəri yüksək rütbəli zabitlərdir.


Müqayisə üçün xatırladaq ki, 2008-ci ildə Ukrayna ordusunda cəmi 1800, 2017-ci ildə 23.000-dən çox, 2018-ci ildə isə 24.897 qadın xidmət keçib.


Ukrayna Müdafiə Nazirliyi Hərbi qulluğun gender aspektləri məsələsində NATO ilə Tərəfdaşlığın Hədəflərinin, daha dəqiq desək, BMT Təhlükəsizlik Şurasının 1325 nömrəli "Qadınlar, sülh, təhlükəsizlik” Qətnaməsinin icrasına başlayıb. Bu, ilk növbədə qadınların təhsil səviyyəsinə, hərbi xidmət təcrübəsinə və bu fəaliyyətin nəticələrinə uyğun olaraq onların karyera perspektivlərini təmin etməyə imkan verəcək.


Qeyd edək ki, ukraynalı qadınlar BMT-nin Konqoda vəziyyətin sabitləşməsi üzrə missiyasında (müşahidəçi qismində), Cənubi Sudan Respublikasında (qərargah zabiti) və Moldova Respublikasının Dnestryanı regionunda təhlükəsizlik zonasında ümumi sülhyaratma qüvvələrində xidmət edirlər.

Xəbər lenti