Xəzər Xəbər

Gürcüstan əhalisi Avropa İttifaqı və NATO-ya üzvlüyü dəstəkləyir

Dünya | 09:09 • 18 Sentyabr 2019
Gürcüstan əhalisi Avropa İttifaqı və NATO-ya üzvlüyü dəstəkləyir

Gürcüstanda rəyi soruşulan vətəndaşların 78 faizi ölkənin Avropa İttifaqına (Aİ), 71 faizi isə NATO-ya üzvlüyünü dəstəkləyir.


Bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.


Məlumatda deyilir ki, rəyi soruşulanların 14 faizi ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 8 faizi isə müvafiq suala cavab verməkdə çətinlik çəkib.


NDI-nin sorğu əməkdaşları eyni sualla milli azlıqlardan olan vətəndaşlara da müraciət ediblər. Milli azlıqdan olan respondentlərin 57 faizi Gürcüstanın Aİ-yə üzvlüyünün lehinə, 14 faizi əleyhinə səs verib, 26 faizi isə suala cavab verə bilməyib.


Gürcüstan vətəndaşlarının 71 faizi ölkənin NATO-ya üzvlüyünün lehinə, 17 faiz əleyhinə səs verib. Müvafiq sualın cavabını bilməyənlər isə 7 faiz təşkil edib.


Milli azlıqları təmsil edən respondentlərin 36 faizi ölkənin NATO-ya üzvlüyünə, 15 faizi əleyhinə səs verib, 46 faizi isə sualı cavablandıra bilməyib.


NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib.

Xəbər lenti