Xəzər Xəbər

Yaponiyada tapılmış ən böyük dinozavra ad qoyulub

Dünya | 10:32 • 7 Sentyabr 2019
Yaponiyada tapılmış ən böyük dinozavra ad qoyulub

Tədqiqatçıların qənaətinə görə, Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında tapılan dinozavr skeleti elmə məlum olan heç bir növə aid deyil.


AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu dinozavra "Kamuysaurus japonicus” adı verilib. Hokkaydoda yaşayan avtoxtonn əhali aynuların dilində "Kamuy” sözü dinozavrların tanrısı mənasını verir.


Qeyd edilir ki, hündürlüyü səkkiz metr olan dinozavrın qalıqları 2003-cü ildə Mukava şəhəri yaxınlığında aşkar edilib. Bu, Yaponiyada indiyədək bütöv halda tapılan dinozavr skeletlərinin ən böyüyüdür.


Alimlərin rəyinə görə təqribən 4 tondan 5,3 ton ağırlığında olan həmin dinozavrın 72 milyon il bundan əvvəl yaşadığı güman edilir.


Hokkaydo Universiteti muzeyinin professoru Yoşiçuqu Kobayaşinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən ördək burunlu bitki yeyən dinozavrın aşağı çənəsinin və onurğa sümüklərinin tədqiqi onun əvvəllər məlum olmayan növə aid olduğunu deməyə əsas verir.


Professor Y.Kobayaşi bildirib ki, bu dinozavr növlərinin tədqiqinə yenicə başlanır və o, bu nəhənglərin necə yaşadığını öyrənməyin mümkün olacağına inanır.


Dinozavrın skeletini aşkar edən Yosiyuki Horita isə onun adının Hokkaydo ilə əlaqələndirilməsinin onu xoşbəxt etdiyini bildirib.

Xəbər lenti