Xəzər Xəbər

Əfqanıstandan xarici qoşunların çıxarılması müddətləri barədə razılıq əldə olunub

Dünya | 17:37 • 24 Avqust 2019
Əfqanıstandan xarici qoşunların çıxarılması müddətləri barədə razılıq əldə olunub

"Taliban” hərəkatı və Birləşmiş Ştatlar xarici qoşunların Əfqanistandan çıxarılması müddətləri barədə sazişə nail olublar.


AZƏRTAC Pakistanın "Dawn” qəzetinə istinadla xəbər verir ki, bunu "Taliban” hərəkatının rəsmi nümayəndəsi Suheyl Şahin deyib. Onun sözlərinə görə, tərəflər indiyə qədər ümumi müzakirələr aparıblar, qərarın reallaşdırılması isə şənbə günü müzakirə ediləcək. Suheyl Şahin qoşunların çıxarılmasının konkret tarixini açıqlamayıb. Bildirib ki, bu barədə prosesin mexanizmi barədə tərəflər arasında razılıq əldə olunduqdan sonra rəsmi məlumat veriləcək.


ABŞ və "Taliban” hərəkatı arasında danışıqların sonuncu, səkkizinci raundu avqustun əvvəlində başlayıb. Tərəflər dörd əsas mövzunu - xarici qoşunların Əfqanıstandan çıxarılması və ölkə ərazisinin ABŞ və digər ölkələrə hücum üçün istifadə olunmayacağı barədə zəmanəti, həmçinin ümumi atəşkəsi və Əfqanıstandakı qüvvələr arasında dialoqun keçirilməsini müzakirə ediblər.


Ötən həftənin sonlarında ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, onun məqsədi Əfqanıstandakı qoşunların sayını 13 min nəfərədək azaltmaq və bu ölkədə kəşfiyyat orqanlarının fəaliyyətini gücləndirməkdir.

Xəbər lenti