Xəzər Xəbər

İndoneziyada kütləvi iğtişaşlar zamanı 258 dustaq türmədən qaçıb

Dünya | 12:56 • 20 Avqust 2019
İndoneziyada kütləvi iğtişaşlar zamanı 258 dustaq türmədən qaçıb

İndoneziyanın Qərbi Papua əyalətində törədilən kütləvi iğtişaşlar zamanı 258 dustaq türmədən qaçıb.


Bu barədə avqustun 20-də İndoneziyanın Cəzaçəkmə Müəssisələri İdarəsinin mətbuat xidmətinin rəhbəri Ade Kusmanto məlumat verib. "Bir sıra dövlət müəssisələrində törədilən yanğınlardan sonra etirazçılar türməyə yönələrək buranı daşa basıblar. Nəticədə dustaqların bir qismi türmədən qaçıb”, - deyə A.Kusmanto bildirib. Qeyd edilir ki, türmədən qaçanların bir qismi yenidən həbs olunub. Türməyə hücum zamanı mühafizə xidmətinin əməkdaşlarından biri yaralanıb.


Xatırladaq ki, avqustun 19-da Qərbi Papua əyalətinin paytaxtı Manokvari şəhərində etirazçılar nəqliyyatın hərəkətini dayandırıblar. Bir neçə bina, avtomobil və motosikl yandırılıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin təhqiqatı ilə məşğuldur. Etirazlara səbəb kimi isə Surabaya şəhərində təhsil alan papuasların yataqxanasına irqi ayrı-seçkilik zəminində yerli fəallar tərəfindən təşkil edilən hücum göstərilir.


Qeyd edək ki, 2018-ci ilin noyabrında İndoneziya polisi bütün ölkədə Papua və Qərbi Papua əyalətlərinin İndoneziyadan ayrılmasına çalışan 500 nəfəri həbs edib. Həmin şəxslər dekabrın 1-də regionun müstəqilliyi ilə bağlı nümayişlərə başlamağı planlaşdırırdılar. 1961-ci ilin həmin günündə Hollandiyanın müstəmləkəsindən xilas olan Papua özünün müstəqilliyini elan edib. Sonradan İndoneziya həmin ərazini öz tabeliyinə keçirib. 2003-cü ildə Papua əyaləti İndoneziyanın tərkibində muxtariyyət hüququ qazanıb. (AZƏRTAC)

Xəbər lenti