Xəzər Xəbər

BMT Əfqanıstanda törədilmiş dəhşətli terror aktını pisləyib

Dünya | 11:25 • 19 Avqust 2019
BMT Əfqanıstanda törədilmiş dəhşətli terror aktını pisləyib

BMT Əfqanıstanda törədilmiş dəhşətli terror aktını pisləyən bəyanat yayıb. 


Xezerxeber.az xəbər verir ki, baş katib Antonio Quterreş və BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tadamiçi Yamamoto 63 nəfərin ölümünə, 182 insanın isə yaralanmasına səbəb olan faciəni "dəhşətli terror aktı” adlandırıblar.


Bəyanatda qeyd olunur ki, paytaxt Kabildə şiə müsəlmanların yaşadığı rayondakı toy mərasimində 1000-dən çox insan olub. Yamamoto vurğulayıb ki, mülki əhalinin hədəfdə olduğu və son illər qurbanların artdığı bu ölkədə törədilən dəhşətli terror aktlarının əsas məqsədi insanlar arasında təriqət zəminində nifrət və qorxu hisslərini gücləndirməkdir. O xatırladıb ki, bu ölkənin şiə əhalisi artıq birinci dəfə deyil ki, bu cür terror hücumlarına məruz qalır.


T.Yamamoto vurğulayıb ki, bu cür dəhşətli faciələrin qarşısını almaq üçün Əfqanıstan hökuməti və hüquq-mühafizə orqanları dinc əhalinin təhlükəsizliyini təmin etmək uçun əlavə tədbirlər görməlidir.


BMT-nin bəyanatında qeyd olunub ki, təşkilat Əfqanıstan xalqını heç bir zaman köməksiz qoymayacaq, bu ölkədə sülhün və təhlükəsizliyin bərqərar olması naminə səylərini davam etdirəcək. Baş katib Quterreş və xüsusi nümayəndə Yamamoto həlak olanların ailələrinə başsağlığı veriblər.

Xəbər lenti