Xəzər Xəbər

Almaniya NATO üçün müdafiə xərclərini artırmayacaq

Dünya | 16:05 • 15 Avqust 2019
Almaniya NATO üçün müdafiə xərclərini artırmayacaq

Almaniyanın federal kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatların qoşun kontingentinin onun ölkəsindən çıxaracağı və Polşada yerləşdirəcəyi ilə balı təhdidinə baxmayaraq NATO-nun məqsədləri üçün müdafiə xərclərini artırmaq fikrində deyil.


Xezerxeber.az BBC telekanalının saytına istinadən xəbər verir ki, Berlində keçirdiyi mətbuat konfransında çıxış edən Merkel bildirib ki, Almaniya NATO-nun hədəflərinə uyğun olaraq özünün müdafiə xərclərini mərhələli şəkildə artırmağı planlaşdırır. O, qoşunları bu ölkənin ərazisində saxlamağın ABŞ üçün də sərfəli olduğunu vurğulayıb. Merkel əlavə edib: "Düşünürəm ki, Almaniyada dislokasiya olunmaq ABŞ əsgərləri üçün də çox yaxşıdır”. Federal kansler qeyd edib ki, onun ölkəsinin ərazisində olan Amerika hərbi bazasına böyük miqdarda sərmayə qoyulub. Angela Merkel onu da vurğulayıb ki, Almaniya hökuməti öz ordusunun güclənməsi üçün tədbirləri davam etdirəcək.


ABŞ-ın Polşadakı səfiri Corcette Mosbaçer Vaşinqtonun müdafiə xərclərini ÜDM-nin 2 faizi həcmində artırmaq barədə Berlinin qarşısında qoyduğu tələblə bağlı özünün Twitter səhifəsində yazıb: "Polşa NATO-nun qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq müdafiə xərclərini ÜDM-nin 2 faizi həcmində müəyyən edib. Almaniya isə bunu etməyib. Biz Amerika qoşunlarının Almaniyadan Polşaya köçürülməsini alqışlayarıq”.


Birləşmiş Ştatların Almaniyadakı səfiri Riçard Qrenell isə bildirib ki, Almaniyanın öz ticarət gəlirlərini daxili məqsədlərə yönəltdiyi bir şəraitdə ABŞ-ın vergi ödəyicilərinin bu ölkədəki 50 min əsgərin xərcini ödəməyə davam edəcəyini gözləmək düzgün olmazdı.


Avropanın ən qüdrətli iqtisadiyyatına malik olan Almaniya NATO-nun məqsədləri üçün öz büdcəsindən ÜDM-nin cəmi 1,36 faizi həcmində vəsait ayırır. Merkel hökuməti bu rəqəmin 2024-cü ilədək 1,5 faizə çatdırılmasında təkid edir.

Xəbər lenti

Çox oxunanlar