Xəzər Xəbər

Honkonqda qanunsuz etiraz aksiyalarında 149 nəfər saxlanılıb

Dünya | 13:21 • 13 Avqust 2019
Honkonqda qanunsuz etiraz aksiyalarında 149 nəfər saxlanılıb

Avqustun 9-dan 12-dək Çinin Honkonq xüsusi inzibati bölgəsində keçirilmiş qanunsuz etiraz aksiyaları zamanı polis 149 nəfəri saxlayıb.


Bu barədə Honkonq polisinin şəhərdə son aksiyalar və təhlükəsizlik məsələləri ilə əlaqədar keçirdiyi mətbuat konfransında məlumat verilib. Bildirilib ki, saxlanılanlar qanunsuz toplaşmaqda, polisə hücum etməkdə və asayiş keşikçilərinin xidməti vəzifələrini yerinə yetirməsinə mane olmaqda ittihamı olunurlar. Həbs edilənlərin 15 nəfəri xüsusi zorakılıq törədənlərdir ki, onların üzərindən qanunsuz silahlar, o cümlədən lazer tüfəngləri, sapand tapılıb.


Mətbuat konfransında aksiya iştirakçılarının zorakı hərəkətlərini, o cümlədən polis əməkdaşının üzərinə yanacaq bombası atılmasını əks etdirən fotolar nümayiş olunub.


Honkonq polis komissarının müavini Kris Tan Pin-kunq deyib ki, asayış keşikçiləri zorakılığa qarşı dözümsüzlük nümayiş etdircəklər. O, aksiya iştirakçılarının polis idarəsinə neft bombası atması nəticəsində bir polis əməkdaşının ciddi yanıq xəsarətləri aldığını, bunun cinayət məcəlləsində dövlət və şəxsi əmlaka od vurmağa bərabər olduğunu, cəzasının isə ömürlük azadlıqdan məhrumetmə ola biləcəyini diqqətə çatdırıb.


Qeyd edək ki, son aylar Honkonqda ekstradiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq aksiyalar keçirilir. Aksiya iştirakçıları Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinin materik hissəsinə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tutan qanun layihəsinin ləğvini, habelə aksiyaların zorla dağıdılmasında iştirak edən hüquq mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını tələb edirlər. Aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. Polis qanunsuz aksiyları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb. (AZƏRTAC)

Xəbər lenti