Xəzər Xəbər

Rusiyanın “Spektr-RQ” kosmik aparatı “Proton-M” raketi ilə kosmosa göndərilib

Dünya | 19:09 • 13 İyul 2019
Rusiyanın “Spektr-RQ” kosmik aparatı “Proton-M” raketi ilə kosmosa göndərilib

İyulun 13-də Bakı vaxtı ilə saat 16:30-da Qazaxıstandakı Baykonur kosmodromundan Rusiyanın "Spektr-RQ” kosmik aparatı "Proton-M” raketi ilə kosmosa göndərilib. 


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, kosmik rəsədxananın buraxılışı iyunun 21-nə nəzərdə tutulmuşdu, lakin son anda bu proses təxirə salınıb və aparatın startı iyulun 13-nə keçirilib. "Roskomos”un baş direktorunun müavini Mixail Xaylov bildirib ki, bunun səbəbi birdəfəlik kimyəvi elektrik mənbəyində yaranan problem olub.


"Spektr-RQ” kosmik aparatı Lanqranj L2 rayonunda müşahidələr aparacaq. Planetimizdən 1,5 milyon kilometr aralıda yerləşən bu nöqtədə Günəş və Yer kürəsinin cazibə qüvvələri bərabərləşir və kosmik rəsədxana hərəkətsiz işləyə biləcək. Təyinat yerinə çatmaq üçün üç aylıq uçuş tələb olunur. "Spektr-RQ” kosmik aparatı bu qəbildən olan ikinci zonddur. Birinci müşahidə aparatı isə mayın 30-da Baykonur kosmodromundan buraxılıb. Həmin vaxt orbitə "Yamal-601” rabitə peyki göndərilib.


"Spektr-RQ”nin daha bir xüsusiyyəti Rusiya-Almaniya birgə layihəsi olmasıdır. Onun əsas vəzifəsi rentgen diapazonunda dalğaların uzunluğu ilə kosmik səmanın xəritəsinin çəkilməsidir. Rusiya Elmlər Akademiyasının akademiki Rəşid Syunyayev jurnalistlərə bildirib ki, aparatın köməyi ilə kosmosda 3 milyon qara dəlik və 700 min ulduzu qeydə almaq mümkün olacaq. Onun göyərtəsində iki güzgülü rentgen teleskopu yerləşdirilib ki, onların da köməyi ilə Kainatın ən dərin yerlərini müşahidə etmək mümkün olacaq.

Xəbər lenti