Xəzər Xəbər

Yəməndə yarım milyona yaxın insan vəba xəstəliyinə tutulub

Dünya | 15:38 • 9 İyul 2019
Yəməndə yarım milyona yaxın insan vəba xəstəliyinə tutulub

Bu il Yəməndə vəba xəstəliyinə tutulma ilə bağlı 460 min hadisə qeydə alınıb. Bu, bütün 2018-ci il ərzində qeydə alınmış belə hadisələrin sayından 80 min artıqdır. Vəba xəstəliyinə tutulanların 200 mini uşaqlardır.


Xezerxeber.az BMT-nin xəbərlər saytına istinadən bildirir ki, BMT başçısının mətbuat katibi Stefan Dyujarrik bu haqda BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən brifinqdə məlumat verib.


Bu ilin əvvəlindən vəba xəstəliyi nəticəsində ölənlərin sayı 705 nəfərə çatıb. Bu, keçən ilin müvafiq göstəricisi ilə müqayisədə demək olar ki, 10 dəfə çoxdur.


Dyujarrik qeyd edib ki, infeksiyanın çox sürətlə yayılması bir sıra amillərlə bağlıdır.


Mətbuat katibi deyib: "Bu yaxınlarda baş vermiş daşqınlar bütün ölkədə vəbanın yayılmasına imkan yaradıb. Zibilin yığılması və daşınması sisteminin işində ciddi nasazlıqlar, həmçinin içməli təmiz suyun və kənd təsərrüfatı bitkilərinin suvarması üçün suyun çatışmaması üzündən, vəziyyət daha da ağırlaşıb”.


BMT və onun tərəfdaşları Yəməndə vəbanın müalicəsi üzrə 1200 mərkəzin işini dəstəkləyir, ancaq bütün xəstələrə tibbi yardım göstərilməsi üçün vəsait çatışmır.


Münaqişələrlə dolu Yəməndə 20 milyondan çox insanın humanitar köməyə ehtiyacı var. Onları lazımınca dəstəkləmək üçün 4,2 milyard dollar tələb olunur. Bu günə qədər həmin məbləğin yalnız 32 faizi ayrılıb.

Xəbər lenti