Xəzər Xəbər

Aralıq dənizinə bir dəqiqədə 33 min 800 plastik butulka atılır

Dünya | 17:04 • 8 İyul 2019
Aralıq dənizinə bir dəqiqədə 33 min 800 plastik butulka atılır

Aralıq dənizi bir dəqiqədə orta hesabla 33 min 800 plastik butulka ilə çirkləndirilir.


Bu barədə məlumatı Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Avstriya nümayəndəliyi yayıb. Təşkilatın apardığı araşdırmalara görə, Aralıq dənizi sahilində yerləşən ölkələr bu dənizi hər il yarım milyon ton plastik tullantı ilə çirkləndirirlər, bu isə bir dəqiqədə 33 min 800 plastik butulka deməkdir. Aralıq hövzəsində yerləşən ölkələrdə dənizin hər bir kilometr sahili boyunca gün ərzində beş kiloqram plastik tullantı dənizə axıdılır. Dənizə axıdılan plastik tullantıların renkinqində əsas regionlar kimi Barselona, Təl-Əviv, Valensiya, Venesiya, Po çayı deltası, Marsel buxtası və Türkiyənin cənub-şərq sahilləri göstərilir.


Fondun Avstriya nümayəndəliyinin dəniz bioloqu Aksel Hayn bildirib ki, Aralıq dənizinin çirklənməsində əsas rolu kütləvi turizm oynayır. Tətil mövsümündə 200 milyona yaxın turistin üz tutduğu Aralıq sahillərində tullantılarla çirklənmədə 40 faizədək artım müşahidə olunur. Dənizə atılan plastik tullantılar digər tərəfdən iqtisadiyyata da baha başa gəlir. Hər il turizm, balıqçılıq və dəniz iqtisadiyyatı üçün bununla bağlı əlavə 641 milyon əlavə xərclər yaranır.


Təşkilatın analizinə görə, Aralıq hövzəsində acınacaqlı vəziyyətin kökündə sistem çatışmazlığı dayanır. Aralıq sahilindəki əksər ölkələrdə tullantıların çeşidlənməsi və təkrar emalı sistemi olmadığına və ya yarıtmaz vəziyyətdə olduğuna görə bəzi regionlar tullantılardan "yaxa qurtarmağın” yolunu sadəcə olaraq onları dənizə atmaqda görürlər. Aralıq hövzəsi ölkələrində hər il 24 milyon ton plastik tullantının 6,6 milyon tonunun nəzarətsiz şəkildə ləğv edilməsi (qeyri-leqal depolara yığılması və ya təbiətə atılması) ciddi problem olaraq qalmaqdadır. (AZƏRTAC)

Xəbər lenti