Xəzər Xəbər

Hollivud filmi gerçəkləşir: Pentaqon süni intellektlə dünyaya meydan oxuyur

Dünya | 16:28 • 5 İyul 2019
Hollivud filmi gerçəkləşir:

Amerikalılar yeni layihəni "ACE" aldandırıblar

Amerikalılar hava döyüşündə insanı əvəz edə biləcək robotlaşdırılmış pilot yaratmaq niyyətindədirlər.

ABŞ-ın Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələri İdarəsi ("DARPA") qırıcı təyyarələrin bort avadanlığında tətbiq ediləcək süni intellektin hazırlanması üçün müsabiqə elan edib. Gözlənilir ki, bu süni intellekt pilotun işini əhəmiyyətli dərəcədə azaldacaq və ona düşmən üzərində üstünlük verəcək.

Amerikalılar layihəni "ACE" (Air Combat Evolution – Hava Döyüşünün Təkamülü) adlandırıblar. Əslində "ACE" abbreviaturası ingiliscə "yaxşıların yaxşısı" mənasını verən "ace" sözünə bir işarədir.

"İt boğuşması"

Pilotlar arasında "it boğuşması" ("dog fight") kimi tanınan yaxın məsafəli hava döyüşü uçuş sənətinin ən çətin növlərindən biridir. Bu cür döyüş pilotdan yüksək diqqət və təyyarəni məharətlə idarə edə bilmək qabiliyyətini tələb edir.

Yaxın məsafəli hava döyüşü əsasən İkinci Dünya Müharibəsi zamanı tətbiq edilirdi, lakin uzun mənzilli "hava-hava" raketlərinin və bort radiolokasiya sistemlərinin təkmilləşməsi ilə "it boğuşması" artıq nadir hala çevrilib. Buna baxmayaraq, bütün müasir təyyarələr hələ də bu cür döyüşün aparılması üçün vacib olan toplarla təchiz edilir.

Məsələ ilə bağlı "DARPA" qeyd edir:yaxın məsafəli hava döyüşünün gedişini əvvəlcədən proqnozlaşdırmaq çətindir, lakin təyyarənin "özünü necə aparması" sırf onun taktiki-texniki xüsusiyyətlərindən və aerodinamika qanunlarından asılıdır – yəni süni intellektə "it boğuşması"nın taktikasını öyrətmək olar.

"Mozaik" müharibə

"ACE" proqramı Qərbin "mozaik" (qarışıq) döyüş konsepsiyasının bir hissəsidir. Bu proqram insanla sıx əlaqədə fəaliyyət göstərən pilotsuz avtomatik sistemlərin kütləvi istifadəsini nəzərdə tutur.

"DARPA" strateji texnologiyalar şöbəsinin rəhbəri Timoti Qreyson bu konsepsiyanı belə bir misalda təsvir edib: pilot tərəfindən idarə olunan qırıcı dörd dron ilə vahid döyüş birləşməsində əməliyyata çıxır – birinci dron düşmən radarlarını "boğmalı", ikincisi silahları daşımalı, üçüncüsü hədəfləri axtarmalı və dördüncüsü "tələ yemi" rolunu oynayaraq düşmənin hava hücumundan müdafiə sistemlərini özünə cəlb etməlidir.

"Pilot öz təyyarəsindən çoxsaylı yarımavtonom ağıllı pilotsuz platformaları idarə etməklə döyüş maşınlarının ölümcüllüyünü və effektivliyini artıra bilər. "ACE" proqramı pilota imkan verəcək ki, diqqətini ümumi döyüş üzərində cəmləşdirsin; təyyarə və onun dronları isə müstəqil şəkildə ayrı-ayrı tapşırıqları yerinə yetirəcək. "ACE" elə bir iyerarxik struktur yaradacaq ki, orada yuxarı səviyyə koqnitiv funksiyalarını (məsələn, döyüşün ümumi strategiyasının hazırlanması, hədəflərin və uyğun silahın seçimi) insanın özü həyata keçirəcək, lakin təyyarənin manevrlərinə və döyüşün taktiki detallarına görə avtonom sistemlər cavabdeh olacaq", - deyə "DARPA"dan bildirilib.

Layihənin müəllifləri hesab edirlər ki, süni intellektə hava döyüşü zamanı özünü adekvat və effektiv şəkildə aparmağı öyrətməkdən başqa, pilotlar da tabeliklərində olan dronlara etibar etməlidirlər.

Bunun üçün süni intellekt həddindən artıq "müstəqil" olmamalı, onun fəaliyyəti isə şəffaf və proqnozlaşdırılan olmalıdır.

Demək olar ki, Pentaqon Hollivudun məşhur rejissoru Rob Koenin illər əvvəlki fantaziyasını gerçəkləşdirməyə çalışır. 2005-ci ildə ekranlara çıxan "Stels” ("Stealth”) filmində süni intellektli "stels” texnologiyalı təyyarə ulduz aktyor Metyu Makkonaxinin "tərəf-müqabili” olmuşdu. Maraqlı budur ki, filmin sonunda süni intellekt öz iradəsi ilə qərar verərək özü-özünü məhv etdi. "ACE”in hansı qərarları verəcəyi, insanlığı nəzərə alıb-almayacağı isə sual doğurur./Sputnik Azərbaycan

Xəbər lenti