Xəzər Xəbər

Ukraynalıların 88 faizi Ali Radanın buraxılması barədə ideyanı dəstəkləyir

Dünya | 16:17 • 14 İyun 2019
Ukraynalıların 88 faizi Ali Radanın buraxılması barədə ideyanı dəstəkləyir

Ukraynalıların təxminən 90 faizi ölkə Prezidenti Vladimir Zelenskinin Ali Radanın buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə ideyasını dəstəkləyir.


Xezerxeber.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumat "Reytinq” sosiologiya qrupunun apardığı sorğunun nəticələrində öz əksini tapıb.


2019-cu il iyunun 8-12-də 2500 ukraynalı arasında keçirilən sosioloji sorğunun nəticələrinə əsasən, son ay ərzində ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi tərəfdarlarının sayı 72 faizdən 88 faizə yüksəlib.


Respondentlərin 67 faizi yeni seçiləcək parlamentin indikindən daha effektiv olacağını hesab edir. Rəyi soruşulanların yarıdan çoxu isə prezidentin Radanı buraxmaq barədə fərmanının həm konstitusiyaya, həm də vətəndaşların əhval-ruhiyyəsinə uyğun olduğunu bildirib. Sosioloqların məlumatına görə, sorğuda iştirak edənlərin 63 faizi Ukrayna Konstitusiya Məhkəməsinin fərmanı qanunsuz sayacağı təqdirdə belə, seçkilərin növbədənkənar keçirilməsini vacib sayır.


Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 20-də keçirilmiş inauqurasiyası zamanı parlamentin buraxılacağını elan edib. Növbəti gün o, hazırkı çağırış Ali Radanın işinin dayandırılması barədə müvafiq fərman imzalayıb və iyulun 21-nə növbədənkənar parlament seçkiləri təyin edib.

Xəbər lenti