Xəzər Xəbər

Səudiyyə Ərəbistanında aeroport raket atəşinə tutulub, 26 nəfər xəsarət alıb

Dünya | 15:41 • 12 İyun 2019
Səudiyyə Ərəbistanında aeroport raket atəşinə tutulub, 26 nəfər xəsarət alıb

Yəməndə silahlı üsyan nəticəsində hakimiyyəti ələ keçirən husilər Səudiyyə Ərəbistanının Abha şəhərinin hava limanını raket atəşinə tutublar.


AZƏRTAC Al Arabiya telekanalına istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası məlumat yayıb. Məlumata əsasən, raket aeroportun gəliş zalına düşüb, yaralıların hamısı mülki vətəndaşlardır. Koalisiya hadisəni hərbi cinayət adlandırıb.


Bir qədər əvvəl husilərin hərbi komandanlığı Abha aeroportuna raket atdıqları barədə məlumat yayıb.


Bundan öncə, iyunun 9-da husi üsyançıları pilotsuz uçan aparatlar vasitəsilə Səudiyyə Ərəbistanının Cizan şəhər aeroportuna hücum təşkil etmişdilər. Həmin ölkəyə aid pilotsuz uçan aparatların saxlandığı anqarlara, həmçinin hava limanının digər obyektlərinə zərbələr endirilmişdi.


Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində "Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları, digər tərəfində isə hökumət qüvvələri və Yəmən prezident Mansur Hadiyə sadiq könüllülər iştirak edirlər. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası üsyançılarla qarşıdurmada Mansur Hadinin qoşunlarını dəstəkləyir.

Xəbər lenti