Xəzər Xəbər

Moldovada siyasi böhran dərinləşir - Müdafiə Nazirliyi də mövqeyini açıqlayıb

Dünya | 16:54 • 10 İyun 2019
Moldovada siyasi böhran dərinləşir -

Moldovanın Müdafiə Nazirliyi siyasi böhran səbəbi ilə vətəndaşların hərbi hissələrə girişini məhdudlaşdırıb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.


Nazirlik bəyan edib ki, Moldovanın Silahlı Qüvvələri suverenliyi, müstəqilliyi və birliyi, ölkənin ərazi bütövlüyünü və Konstitusiya demokratiyasını təmin etmək üçün yalnız xalqın iradəsinə tabedir. Ölkədə siyasi böhran olduğu halda, Milli Ordu yalnız Konstitusiya qaydasına tabe olur. Bundan əlavə, Müdafiə Nazirliyi Milli Ordunun böhrana müdaxilə etməyəcəyini və siyasi oyundan kənar qalacağını bildirib.


Qeyd edək ki, Moldovanın Konstitusiya Məhkəməsi parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə Prezidentinin səlahiyyətlərinin müvəqqəti icrasının Baş Nazir Pavel Filipə həvalə olunması barədə qərar çıxarıb. Bununla da İqor Dodonun prezidentlik səlahiyyətləri dondurulub.


Konstitusiya Məhkəməsi parlamentin yeni Baş Nazirin və spikerin təyin olunmasına dair qərarlarını da ləğv edib. Moldovada növbədənkənar parlament seçkiləri sentyabrın 6-da keçiriləcək. Bu barədə Prezidentin səlahiyyətlərini icra edən Baş Nazir əvəzi Pavel Filip Fərman imzalayıb.


Xatırladaq ki, Moldova Prezidenti İqor Dodon demokratların onu istefaya göndərmək üçün bütün vasitələrdən istifadə etdiyini açıqlamışdı. İ.Dodon ona və ailəsinə qarşı təzyiqlərin artdığını bəyan etmişdi. "Mənə dəqiq məlumat daxil olub ki, yeni Baş Naziri təyin etməmək və parlamenti buraxmaq üçün opponentlərim təzyiqləri artıracaqlar. Bəyan edirəm ki, hər hansı güzəştə getməyəcəyəm”, - deyə İ.Dodon əlavə edib. (AZƏRTAC)

Xəbər lenti