Xəzər Xəbər

Türkiyəli hərbçilər S-400-lərin istifadəsi üzrə təlimlərə başlayır

Dünya | 12:48 • 22 May 2019
Türkiyəli hərbçilər S-400-lərin istifadəsi üzrə təlimlərə başlayır

Türkiyənin müdafiə naziri Hulusi Akar S-400 zenit-raket komplekslərinin istifadəsi üzrə təlimlər keçmək üçün Ankaranın Rusiyaya hərbçilər göndərdiyini bildirib.


AZƏRTAC bu barədə "Milliyet” qəzetinə istinadla xəbər verir.


"Biz öz hərbçilərimizi S-400 zenit-raket komplekslərinin istifadəsi üzrə təlim keçmək üçün Rusiyaya göndərmişik. Təlimlər bu gündən başlayacaq və bir neçə ay davam edəcək. Personalın sayı daim dəyişəcək, hər birinin öz xüsusiyyəti var”, - deyə hərbi qurumun rəhbəri bildirib.


Hulusi Akar, həmçinin Ankaranın S-400 zenit-raket kompleksləri ilə bağlı Vaşinqtonla danışıqları davam etdirdiyini və eyni zamanda, ABŞ tərəfindən sanksiyalara hazırlaşdığını vurğulayıb. Türkiyənin müdafiə naziri ABŞ-ın "Patriot” zenit-raket komplekslərinin çatdırılması üzrə yeni təkliflər irəli sürdüyünü də qeyd edib.


"Hazırda "Patriot” komplekslərinin satış qiyməti, texnologiyaların ötürülməsi və müştərək istehsalat üzrə danışıqlar aparılır”, - deyə Hulusi Akar bildirib.


Qeyd edək ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 "Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. Ankara bu sövdələşməyə görə ABŞ və NATO ölkələrinin kəskin tənqidinə məruz qalıb.


Uzaq məsafəli zenit raket sistemi - S-400 "Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanlığının məlumatına görə, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil edilib.

Xəbər lenti