Xəzər Xəbər

İran Dəmir Yolu Nəqliyyatı üzrə Beynəlxalq Şuraya daimi üzv qəbul edilib

Dünya | 17:00 • 17 May 2019
İran Dəmir Yolu Nəqliyyatı üzrə Beynəlxalq Şuraya daimi üzv qəbul edilib

İran Dəmir Yolu Nəqliyyatı üzrə Beynəlxalq Şuraya daimi üzv qəbul olunub.


Şuranın Finlandiyada keçirilən 70-ci sessiyasında bütün üzv dövlətlər İranın quruma qəbul edilməsinə səs veriblər. Şura 1992-ci ildə Rusiyada yaradılıb və İran 2013-cü ildən şuranın işində müşahidəçi üzv kimi iştirak edirdi. Şuraya Rusiya, Ukrayna, Belarus, Litva, Latviya, Estoniya, Azərbaycan, Gürcüstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Finlandiya daxildirlər. Bütün üzv dövlətlər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edirlər.


Qeyd edək ki, Hindistan və Fars körfəzi ilə Şimali Avropanı birləşdirən bu dəhlizin formalaşmasında Azərbaycan aparıcı rol oynayır. Həm Hindistandan həm də körfəz ölkələrindən Avropaya göndərilən yüklər İrana buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Rusiya ilə Avropaya daşınır. Dəhlizə avtomobil, dəniz və dəmir yolları daxildir. Azərbaycan bu yolların kəsişdiyi məntəqədə yerləşdiyi üçün Şərqdən Qərbə və əks istiqamətdə daşınan yüklər məhz ölkəmizdən keçir.


İranın bu şuraya qəbul olunması dəhlizin dəmir yolu seqmentinin tezliklə istifadəyə verilməsinə köməklik göstərəcək. Dəhlizin dəmir yolu seqmenti isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) yolundan ibarətdir. Bu yolun Qəzvin-Rəşt hissəsi artıq istifadəyə verilib. Rəşt-Astara hissəsinin tikintisi isə davam edir. (AZƏRTAC)

Xəbər lenti