Xəzər Xəbər

Montana qubernatoru ABŞ prezidenti postu uğrunda mübarizəyə qoşulub

Dünya | 16:59 • 14 May 2019
Montana qubernatoru ABŞ prezidenti postu uğrunda mübarizəyə qoşulub

ABŞ-ın Montana ştatının qubernatoru demokrat Stiv Bullok 2020-ci ildə keçiriləcək seçkilərdə prezidenti postu uğrunda mübarizəyə qoşulub.


Xezerxeber.az xəbər verir ki, siyasətçi bu barədə özünün "Twitter” səhifəsində yazıb. "Hamıya şans yaratmaq üçün Donald Trampı məğlub etməkdən daha çox iş görməliyik. Belə insanların hakimiyyətdə qalmasına şərait yaradan korrupsiyaya uğramış sistem üzərində qələbə qazanmalıyıq. Bizə keçmişdə bunu edən döyüşçü lazımdır. Məhz buna görə prezident postuna namizədliyimi irəli sürürəm”, - deyə Bullok bildirib.


İndiyə qədər 20-yə yaxın demokrat ABŞ-da prezident postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Gələcək seçkiöncəsi kampaniyanın gedişində partiya fəallarının ilk iclasları 2020-ci il fevral ayının əvvəlində Ayova ştatında keçiriləcək. Demokratlar partiyasının prezident postuna namizədinin irəli sürüləcəyi qurultay 2020-ci il iyulun 13-16-da Viskonsin ştatının Miluoki şəhərində baş tutacaq.


Respublikaçılar partiyasından isə prezident postuna hələlik iki nəfər – ölkənin hazırkı Prezidenti Donald Tramp və Massaçusets ştatının sabiq qubernatoru Bill Ueld iddialıdır. Respublikaçılar öz qurultaylarını avqustun 24-27-də Şimali Karolina ştatının Şarlott şəhərində keçirəcək.


Xatırladaq ki, ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-nə planlaşdırılıb.

Xəbər lenti