Xəzər Xəbər

İranda silahlı toqquşma: polis əməkdaşı həlak olub, yaralılar var

Dünya | 15:59 • 14 May 2019
İranda silahlı toqquşma:

İranın İsfahan vilayətinin polis idarəsinin əməkdaşı Mehdi Cəmşidi ötən gecə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşma ilə baş verən silahlı toqquşmada şəhid olub.


Baş verən insidentdə iki polis əməkdaşı da ağır yaralanıb.


Polis idarəsinin açıqlamasında deyilir ki, Əfqanistandan avtomobillərlə İran ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsi haqqında operativ məlumat daxil oldu. Avtomobillərin və onları müşayət edən şəxslərin saxlanılması üçün əməliyyat hazırlanıb. Əməliyyatın həyata keçirilməsi zamanı qaçaqmalçılar silahlı müqavimət göstərərək polis əməkdaşını qətlə yetiriblər.


Açıqlamada bildirilib ki, əməliyyat zamanı iki qaçaqmalçı məhv edilib, ikisi həbs olunub. Hazırda istintaq aparılır.


İranın Əfqanistan ilə sərhədboyu ərazilərində qaçaqmalçılarla silahlı toqquşmalar tez-tez baş verir. İndiyədək narkotik vasitə qaçaqmalçıları ilə silahlı toqquşmalarda 4 minə yaxın polis əməkdaşı həlak olub.


İran iddia edir ki, ABŞ silahlı qüvvələri Əfqanistana daxil olduqdan sonra narkotik vasitələrin istehsalı və qaçaqmalçılığı artıb. Qaçaqmalçılar İrandan tranzit kimi istifadə edib "yükü” Avropa dövlətlərinə daşıyırlar. Avropa İttifaqı bunun qarşısını almaq üçün İrana maddi və texniki yardım göstərəcəyini söz versə də, bu istiqamətdə heç bir real addım atmayıb. (AZƏRTAC)

Xəbər lenti