Xəzər Xəbər

Dərbənddə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Dünya | 15:14 • 11 May 2019
Dərbənddə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib.


Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın sədri Telman Tahirli tədbirdə çıxış edərək Heydər Əliyevin həyat yolundan bəhs edib. O qeyd edib ki, Ümummilli Lider Rusiya, Azərbaycan və Dağıstan arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə verib. Çıxışda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və dövlət və ictimai-siyasi xadim Səid Qurbanov arasında şəxsi dostluqdan da danışılıb.


Tədbirdə çıxış edən Dərbənd Dövlət Azərbaycan Dram Teatrının direktoru Firdovsi Əsgərov, "Dədə Qorqud” xeyriyyə fondunun sədri Rafiq Mövsümov, "Dərbənd şəhəri” şəhər dairəsi Deputatlar Məclisinin üzvü Polad Neymətullayev, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktor müavini Təranə Abbasova, ağır atletika üzrə dünya çempionu Abı Cavadov Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs ediblər. Natiqlər Ulu Öndərin Azərbaycanın inkişafına və Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə verdiyi misilsiz töhfələri qeyd ediblər.


Çıxışlardan sonra Dərbənd Dövlət Azərbaycan Dram Teatrının artistləri konsert proqramı təqdim ediblər.


Tədbirin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub.

Xəbər lenti