Xəzər Xəbər

Fransa parlamenti Notr-Dam kilsəsinin bərpasına dair qanun layihəsini təsdiqləyib

Dünya | 13:22 • 11 May 2019
Fransa parlamenti Notr-Dam kilsəsinin bərpasına dair qanun layihəsini təsdiqləyib

Fransa Milli Məclisi (parlamentin aşağı palatası) yanğından zərər çəkən Notr-Dam kilsəsinin bərpası barədə qanun layihəsini təsdiqləyib.


AZƏRTAC France-Press informasiya agentliyinə istinadla xəbər verir ki, qanun layihəsi 13 saat davam edən müzakirələrdən sonra qəbul edilib. Sənəd mayın 27-də Senatın müzakirəsinə çıxarılacaq.


Qanun layihəsində kilsənin təmirinə ianə köçürən insanlara vergi imtiyazları nəzərdə tutulub. Sənəd, həmçinin bərpa işləri üçün bəzi qərarların qəbulunu asanlaşdıracaq. Bundan başqa, qanun layihəsi kilsənin təmiri üçün yığılan vəsaitin xərclənməsinə nəzarət edəcək xüsusi komitənin təsis olunmasını nəzərdə tutur.


Xatırladaq ki, Parisin simvollarından biri sayılan Notr-Dam kilsəsində aprelin 15-də baş vermiş yanğın binanın şpilini, saatını və damının böyük hissəsini məhv edib. Fransa hakimiyyəti, biznesmenlər, ictimai təşkilatlar, tarixi abidələrin qorunması üzrə cəmiyyətlər kilsənin bərpası üçün vəsait toplayırlar.

Xəbər lenti