Xəzər Xəbər

Orbanın karikaturu diplomatik qalmaqala səbəb olub

Dünya | 12:19 • 23 Aprel 2019
Orbanın karikaturu diplomatik qalmaqala səbəb olub

Sloveniyada çıxan "Mladina” qəzetində dərc olunmuş material Lyublyana ilə Budapeşt arasında diplomatik qalmaqala səbəb olub.


AZƏRTAC xəbər verir ki, məqalədə Avropa Xalq Partiyası çərçivəsində Macarıstanın "Fides” Partiyasının Sloveniyanın ifrat sağçı qüvvələri tərəfindən dəstəklənməsi məsələsinə toxunulur. Məqalə Baş nazir Viktor Orbanın "hayl” nasist salyutu ilə təsvir edildiyi karikaturla müşayiət olunur.


Macarıstanın Sloveniyadakı səfiri akkreditasiya olduğu ölkənin Xarici İşlər Nazirliyinə göndərdiyi rəsmi etiraz notasında şikayətlənib ki, "Mladina” redaksiyası bu karikaturu dərc etməklə mətbuat və söz azadlığı həddini aşaraq, ikitərəfli münasibətlərə xələl gətirir.


Sloveniyanın xarici siyasət idarəsi, buna cavab olaraq öz növbəsində bəyan edib ki, onların ölkəsi "mətbuat və söz azadlığını daim ardıcıl surətdə müdafiə edib və heç vaxt öz KİV-lərinin redaksiya siyasətinə müdaxilə etməyib”.


"Mladina” qəzetinin baş redaktoru Budapeştin ittihamını qəbul etməyərək, "bir ölkənin digər dövlətdən jurnalistləri barədə tədbir görülməsini tələb etməyə cəsarəti çatırsa, həmin ölkənin bütün region üçün ciddi təhlükə olduğunu” bildirib.


Lakin redaksiya artıq bugünkü nömrəsində Macarıstanın Baş nazirinin guya "korrektə edilmiş” karikaturasını yerləşdirib. İndi karikaturada nasist salyutunun əvəzinə Orbanın əlində gül təsvir edilir. Bununla belə, iki təsviri müqayisə edəndə aşkar görünür ki, Macarıstanın dövlət bayrağı həmin icmanın yaxşı sezilən simvolu ilə əvəz edilib.

Xəbər lenti

Çox oxunanlar