Xəzər Xəbər

BƏT: İqlim dəyişməsi və qabaqcıl texnologiyaların tətbiqi iş yerlərində yeni təhlükələr əmələ gətirir

Dünya | 18:23 • 19 Aprel 2019
BƏT: İqlim dəyişməsi və qabaqcıl texnologiyaların tətbiqi iş yerlərində yeni təhlükələr əmələ gətirir

Hər il yüz milyonlarla insan iş yerlərində onları əmək qabiliyyətindən məhrum edən müxtəlif dərəcəli zədələr alır və ya xəstəliklərə tutulurlar. Texnoloji islahat isə yeni təhlükələr əmələ gətirir.


Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hər il aprelin 28-də qeyd olunan Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilən hesabatında bildirilir.


BƏT ekspertləri planetdə qlobal istiləşmə, demoqrafik sarsıntı, yeni texnologiyaların əmələ gəlməsi və ətraf mühitin tənəzzülü ilə bağlı əmək bazarında baş verən dəyişikliklərin məşğulluq sahəsində də yeni təhlükələr yaratmasından narahatdırlar. Bu gün bir çox insanlar üçün əmək psixososial risklərlə, stress və qeyri-yoluxucu xəstəliklərlə, xüsusən də ürək-damar, tənəffüs yolları və onkoloji xəstəliklərlə müşayiət olunur.


Hər il 2,8 milyon insan iş yerində bədbəxt hadisələr və ya istehsalla bağlı olan xəstəliklər nəticəsində həyatdan köçür. Təqribən 374 milyon insan ildə bir dəfə iş yerində müxtəlif zədə alır və ya xəstəliklə üzləşir. Onların əmək qabiliyyətlərini hətta bir neçə günlük itirmələri qlobal ÜDM-in 4 faizdən 6 faizədək itirilməsi ilə nəticələnir.


Ekspertlər qeyd ediblər ki, son illər istehsalda rəqəmsallaşma, robot texnikası və nanotexnologiyalar kimi yeni texnologiyalardan istifadə olunur. Həkimlər hesab edirlər ki, bunların həm də psixososial sağlamlığa təsiri ola bilər. Bu yeniliklərin əksəriyyətində sağlamlıq üçün ziyanlı olan materiallar mövcuddur. BƏT hesab edir ki, onların mənfi təsirini azaltmaqdan ötrü işəgötürənlər işçilər üçün xüsusi təlimlər aparmalı, əmək şəraitinin yoxlanmasını daha tez-tez təşkil etməli və əməkdaşları müxtəlif müdafiə vasitələri ilə təchiz etməlidirlər.


Bundan başqa, BƏT-də işəgötürənlərə qlobal istiləşmə ilə bağlı əməkdaşlar üçün rahat və iqlim baxımından sağlamlıq üçün təhlükəli olmayan şəraitin yaradılmasını məsləhət görüblər.


Ekspertlər şirkət və müəssisələrin rəhbərlərini əhalinin ayrı-ayrı kateqoriyalarından olan həssas insanların, məsələn, miqrantların və gənclərin vəziyyətindən sui-istifadə etməməyə, onlara qul maaşı deyil, layiqli əməkhaqqı ödəməyə və çox çətin işlərə məcbur etməməyə çağırıblar. Hazırda bütün dünyada işləyənlərin təqribən 36 faizi həftədə 48 saatdan daha çox çalışır.


İş yerlərində olan bütün bu nöqsanlar əməkqabiliyyətli insanların xəstələnməsi ilə nəticələnir. Hər gün təqribən 6500 insan peşə xəstəlikləri nəticəsində və 1000-dən çoxu iş yerində aldığı zədədən dünyasını dəyişir.


"Bəli, söhbət iri iqtisadi itkilərdən gedir, lakin biz təsəvvür edilməyən insan əzablarını da yaddan çıxarmamalıyıq. Ölən və zərərçəkənlərin bütün bu göstəriciləri həm də ona görə sarsıdıcıdır ki, bu xəstəliklərin, əlillik və ölüm hallarının bir çoxunun qarşısı alına bilərdi”, - deyə BƏT-in nümayəndəsi Manal Azzi hesabatın nəşri ilə bağlı bəyan edib.


BƏT, həmçinin işəgötürənlərin məsuliyyətinin artırılması yolu ilə iş yerlərində təhlükəsizlik mədəniyyətinin yüksəldilməsinə nail olmağa çağırıb. (AZƏRTAC)

Xəbər lenti