Xəzər Xəbər

Himalay dağlarının buzlaqlarında təhlükəli pestisidlər aşkar edilib

Dünya | 14:29 • 19 Aprel 2019
Himalay dağlarının buzlaqlarında təhlükəli pestisidlər aşkar edilib

Kimyəvi maddələrdən ibarət olan pestisidlər, əczaçılıq preparatları və ya təmizlik vasitələri bilavasitə müasir həyatımızın vacib elementlərindən birinə çevrilib. Bununla yanaşı, onlar insanların sağlamlığına və ətraf mühitə ciddi ziyan vurur. Dünya kimya sənayesinin indiki həcmi 5 trilyon dolları üstələyib. Proqnozlara əsasən bu, 2030-cu ilədək iki dəfə artacaq.


Bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hesabatında deyilir. Kimyəvi çirkləndiricilər dünyanın hər bir yerində - havada, suda və torpaqda toplanır. Sututarlarda və dəniz heyvanlarının orqanizmində plastik kütlələrin mikrohissəcikləri, əczaçılıq preparatlarının qalıqları, civə və bir çox digər maddələr aşkarlanır.


Kimyəvi çirkləndiricilər müxtəlif qatılıqda planetin ən ucqar və gözlənilməyən guşələrində müşahidə edilir. Məsələn, okean dibinin 10 min metr dərinliyindəki çöküntülərdə yaşayan heyvanlarda polixlorlaşdırılmış difenillərin yüksək qatılığı aşkarlanıb. Stokholm Konvensiyasına müvafiq olaraq tənzim edilən xlororqanik pestisidlər isə Himalay dağlarının buzlaqlarında tapılıb. Bundan başqa, təhlükəli kimyəvi maddələr müntəzəm olaraq insan orqanizmində aşkar edilir.


UNEP ekspertləri bütün dövlətləri təhlükəli kimyəvi maddələrdən istifadəni nizamlamağa və onlardan səmərəli şəkildə istifadə etməyə çağırırlar. Məsələn, ekspertlər dərman vasitələrinin istehsalında hər kiloqram məhsula ən azı 25 kiloqram, bəzən 100 kiloqramdan da artıq tullantı düşdüyünü qeyd edirlər. Bu, resurslardan qeyri-səmərəli istifadəni göstərir.


UNEP-də, həmçinin 2020-ci ilədək kimyəvi maddələrin və tullantıların mənfi təsirini minimuma endirilməsi barədə qlobal hədəf xatırladılıb.

Xəbər lenti