Xəzər Xəbər

ABŞ-ın baş prokuroru Donald Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib

Dünya | 19:24 • 18 Aprel 2019
ABŞ-ın baş prokuroru Donald Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib

ABŞ-ın baş prokuroru Uilyam Barr rəsmən bəyan edib ki, Prezident Donald Trampın prezident seçkilərindən əvvəl Rusiya ilə əlbir olmadığı təsdiq olunub. O əlavə edib ki, dövlət başçısının seçkiqabağı qərargahının əməkdaşları və ya digər amerikalılar "seçkilərə müdaxilə etməyiblər”.


Xezerxeber.az CNN telekanalının saytına istinadən xəbər verir ki, U.Barr keçirdiyi mətbuat konfransında deyib: "İki ilə yaxın davam edən təhqiqatdan, alınan minlərlə ifadədən, yüzlərlə order və xüsusi işlər üzrə prokurorun şahidləri sorğu-sual etməsindən sonra əmin oldum ki, Rusiya hakimiyyəti 2016-cı il seçkilərinə qanunsuz müdaxilə edilməsinə sponsorluq edib, lakin Trampın seçkiqabağı kampaniyasında bu cür cəhdlər edilməsi üzrə heç bir sövdələşmə olmayıb”.


Donald Tramp bundan əvvəl xüsusi işlər üzrə prokuror Robert Müllerin komandası tərəfindən onun "Rusiya ilə əlbir olması” ittihamı ilə aparılan istintaqın qanunsuz olduğunu bildirmişdi. Martın 24-də ABŞ-ın Ədliyyə Nazirliyi Müllerin hesabatının icmalını Konqresə təqdim edib. Sənəddə bildirilir ki, Prezident Trampın Rusiya ilə əlbir olmasına dair heç bir sübut yoxdur.

Xəbər lenti