Xəzər Xəbər

Malmödə son 3 ildə ilk dəfə silahlı atışma olmayan ay qeydə alınıb

Dünya | 14:48 • 17 Aprel 2019
Malmödə son 3 ildə ilk dəfə silahlı atışma olmayan ay qeydə alınıb

İsveçin Malmö şəhərində son 3 ildə ilk dəfə silahlı atışma olmayan ay qeydə alınıb.


AZƏRTAC şəhər polisinin statistik məlumatlarına istinadla xəbər verir ki, əvvəllər 2015-ci ilin sentyabrı odlu silahdan atəş açılması xəbərləri gəlməyən son ay olub. Lakin Malmö polisinin ağır cinayətlər üzrə şöbə müdiri Yonas Karlberq "Svergies Radio”ya bildirib ki, 2016, 2017 və 2018-ci illərdə bu şəhərdə çoxlu silahlı atışmalar qeydə alınıb. Elə odlu silahlardan istifadə olunmayan müddət də çox davam etməyib. Belə ki, aprelin 10-da şəhərin Rusenborq rayonunda bir evdə silahlı atışma baş verib. Həmin insident zamanı yaralanan olmayıb.


Bu il Malmödə ümumilikdə altı silahlı atışma olub və xoşbəxtlikdən, bu insidentlər zamanı ölən olmayıb. Bununla yanaşı, 2018-ci ilin statistikası çox kədərli mənzərə yaradır: yerli qanun keşikçilərinin quldurların müharibəsi nəticəsində ölüm ili adlandırdıqları bu dövrdə şəhərdə ən azı 12 nəfər güllələnib, noyabrın 8-də baş vermiş atıma zamanı isə 4 nəfər öldürülüb. Bundan əvvəl, 2017-ci ildə isə şəhərdə baş vermiş silahlı atışmalarda 10 nəfər qətlə yetirilib.


Qeyd edək ki, Malmö kriminogen vəziyyətlə bağlı mənfi reputasiya qazınıb. Belə ki, bu şəhərdən tez-tez partlayış, silahlı atışma və qanqster qruplaşmaları arasında müharibələr xəbərləri gəlir.

Xəbər lenti