Xəzər Xəbər

Sudanın sabiq prezidenti Ömər əl-Bəşir Kuber həbsxanasına keçirilib

Dünya | 14:46 • 17 Aprel 2019
Sudanın sabiq prezidenti Ömər əl-Bəşir Kuber həbsxanasına keçirilib

Aprelin 16-da axşam saatlarında Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir Şimali Xartumda yerləşən Kuber həbsxanasına keçirilib.


AZƏRTAC bu barədə Reuters informasiya agentliyinə istinadla xəbər verir.


Hakimiyyətdən kənarlaşdırıldıqdan sonra əl-Bəşir prezident iqamətgahında mühafizə altında saxlanılırdı. Sudan Akhbar portalının məlumatına əsasən, devrilmiş rejimin bir sıra yüksək vəzifəli şəxsləri də hazırda Kuber həbsxanasında saxlanılır.


Xatırladaq ki, aprelin 11-də Sudanda dövlət çevrilişi baş verib. Prezident Ömər əl-Bəşir, ölkənin sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri həbs olunub. Ölkə ərazisində 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.


2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə dərin iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrın ortalarından başlayan və çörəyin qiymətinin ucuzlaşması tələbi ilə keçirilən xalq etirazlarında sonradan 30 il ölkəyə rəhbərlik edən Ömər əl-Bəşirin siyasi rejiminin dəyişdirilməsi tələbi irəli sürülüb. Bir neçə ay davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb.

Xəbər lenti