Xəzər Xəbər

Gürcüstanda avtomobil qəzaları ilə bağlı yeni kampaniya başlayıb

Dünya | 18:26 • 16 Aprel 2019
Gürcüstanda avtomobil qəzaları ilə bağlı yeni kampaniya başlayıb

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayının azaldılması, avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücülürə qarşı mübarizə tədbirlərini gücləndirəcək. Bu məqsədlə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yeni layihə və metodlar hazırlayıb.


AZƏRTAC xəbər verir ki, bu sözləri daxili işlər naziri Giorgi Qaxaria bu gün nazirliyin təşəbbüsü ilə hazırlanmış "Daha çox həyat naminə” adlı kampaniyanın təqdimat mərasimində söyləyib.


Onun sözlərinə görə, DİN-in təşəbbüsü ilə Tbilisidə və bölgələrdə start verilən kampaniya çərçivəsində qəzalı avtomobillərdən ibarət instalyasiya və banerlər quraşdırılıb, müvafiq videoçarxlar hazırlanıb. Məqsəd insanları yol hərəkəti qaydalarını pozmağın ağır nəticələri ilə bir daha tanış etmək, onları qaydalara dəqiq riayət etməyə çağırmaqdır.


Nazir yol təhlükəsizliyinin təmin edilməsi üçün ictimaiyyətin bu məsələyə daha fəal cəlb olunmasının əhəmiyyətini vurğulayıb.


2018-ci ildə Gürcüstanda qeydə alınmış yol qəzalarında 459 nəfər ölüb. Son 10 ildə ölkədə qeydə alınmış qəzalarda 6608 nəfər həyatını itirib, 85 min 946 nəfər xəsarət alıb.


Yol-nəqliyyat hadisələrinin əsas səbəbləri sürət həddinin aşılması, əks istiqamətdə hərəkət, yol nişanlarının tələblərinə əməl olunmaması, nəqliyyat vasitələrini spirtli içkinin və narkotik maddələrin təsiri altında idarə olunmasıdır.


Nazir bildirib ki, bu ilin sonunadək bütün ölkə ərazisində 5 min videokamera, həmçinin 2100 "ağıllı kamera” quraşdırılacaq.

Xəbər lenti