Xəzər Xəbər

Slovakiyada prezident seçkilərində qadın namizəd liderdir

Dünya | 20:59 • 16 Mart 2019
Slovakiyada prezident seçkilərində qadın namizəd liderdir

Slovakiyada növbəti prezident seçkiləri keçirilir. AZƏRTAC The Slovak Spectator saytına istinadla xəbər verir ki, dövlət başçısı vəzifəsinə 13 nəfərin namizədliyi qeydə alınıb. Slovakiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə əhalinin fəallığı yüksək səviyyədədir. Namizədlər arasında ən çox şansı olanlar Avropa Komissiyası prezidentinin müavini Maroş Şefçoviç, Ali Məhkəmənin keçmiş sədri Ştefan Harabin və vəkil Zuzana Çaputova sayılırdı.


Səsvermənin ilkin nəticələri elan edilməsə də, "exit-polların” nəticələrinə görə, qadın hüquqşünas, ölkədə korrupsiya əleyhinə mübarizəyə rəhbərlik edən Zuzana Çaputova irəlidədir. Hələ martın 1-də keçirilmiş sorğu nəticəsində seçicilərin 52,9 faizi məhz ona səs verəcəklərini bildiriblər. İndiki hakimiyyətin "Smer” partiyası isə jurnalist Yan Kuçiakın müəmmalı qətlindən sonra xalqın dəstəyini itirib. Onun namizədi Maroş Şefçoviç ikinci yerdədir. Rusiyaya qarşı sanksiyaların ləğvini istəyən Ştefan Harabin isə sonucu yerdə gəlir.


Seçki məntəqələri yerli vaxtla 19:00-da bağlanacaq. Qeydə alınmış 5,4 milyon seçicinin günortayadək 51 faizinin səs verdiyi bildirilir. Güman edilir ki, ən çox səs toplayan iki namizəd seçkilərin martın 30-da keçiriləcək ikinci turunda iştirak edəcək.


Zuzana Çaputova Reuters agentliyinə müsahibəsində bildirib ki, bu seçkilər ölkədə korrupsiyanın qarşısının alınması və ədalətin bərqərar olması üçün yaxşı imkandır.

Xəbər lenti