Xəzər Xəbər

2025-ci ilədək ətraf mühitin vəziyyətinə dair göstəricilər toplanması üzrə qlobal strategiya hazırlanacaq

Dünya | 17:25 • 16 Mart 2019
2025-ci ilədək ətraf mühitin vəziyyətinə dair göstəricilər toplanması üzrə qlobal strategiya hazırlanacaq

BMT-nin Ətraf mühitin mühafizəsi üzrə Assambleyasının 4-cü sessiyasının iştirakçıları planetimizdə tükənməkdə olan resursların qorunub saxlanması nəzərə alınmaqla, yeni inkişaf modelinin əsasını hazırlayıblar. AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, sessiya iştirakçıları innovasiyalardan istifadə etmək, sabit istehsal və istehlak formalarına keçmək barədə razılığa gəliblər.


Dünyanın 179 ölkəsini təmsil edən nazirlər beş günlük görüşün yekununa dair bəyannamə qəbul ediblər. Sənəddə yeni inkişaf modellərinin tətbiq edilməsinin zəruriliyi vurğulanır. Sənədin müəllifləri planetimizin çirklənməsi, qlobal istiləşmə və resursların tükənməsi ilə əlaqədar ciddi narahatlıqlarını bildiriblər.


Bəyanatda deyilir: "Biz təsdiq edirik ki, yoxsulluğun aradan qaldırılması, qeyri-sabit istehsal və istehlak modellərindən imtina edilməsi, təbii resursların qorunması və onların səmərəli idarə edilməsi sabit inkişaf prosesinin mühüm tərkib hissələridir”.


Forumun nümayəndələri birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istifadəsini 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə azaltmaq əzmində olduqlarını bildiriblər.


BMT-nin Ətraf mühitin mühafizəsi üzrə Assambleyası ekologiya məsələləri ilə məşğul olan ən iri orqandır. Assambleya iki ildən bir toplanır. Assambleyanın martın 11-də Nayrobidə açılan dördüncü sessiyasına bundan əvvəlki sessiya ilə müqayisədə iki dəfə çox - 4700-dən artıq nümayəndə qatılıb. Onların arasında dövlət və hökumət başçıları, nazirlər, biznes-liderlər, BMT-nin yüksək vəzifəli əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri var.


Forum iştirakçıları ekologiya problemlərinin daha səmərəli həlli üçün beynəlxalq səviyyədə məlumatların toplanması və təhlil edilməsi sistemini yaxşılaşdırmaq, 2025-ci ilədək ətraf mühitin vəziyyətinə dair göstəricilər toplanması üzrə qlobal strategiya hazırlamaq barədə razılığa gəliblər.

Xəbər lenti