Xəzər Xəbər

Vaşinqton və Kabilin münasibətləri korlanıb - SƏBƏB

Dünya | 14:54 • 16 Mart 2019
Vaşinqton və Kabilin münasibətləri korlanıb -

"Taliban” hərəkatının nümayəndələri ilə danışıqlar barədə fikir ayrılığı fonunda ABŞ Prezidenti Donald Tramp administrasiyası və Əfqanıstan hökuməti arasında münasibətlər korlanıb.


AZƏRTAC "The Washington Post” qəzetinə istinadla xəbər verir ki, Əfqanıstan hakimiyyəti ABŞ-ın bu ölkə üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın apardığı danışıqlar prosesindən faktiki olaraq kənarda qaldığı üçün narazıdır. Əfqanıstan Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Həmdullah Mohib Vaşinqtona son səfəri zamanı ABŞ administrasiyası üçün sərt və təxribat xarakterli bəyanat verərək Vaşinqtonun "Taliban” hərəkatı ilə istənilən sazişin taliblərlə döyüşərək həlak olan amerikalı hərbçilər üçün təhqir olacağını bildirib. O, həmçinin əslən əfqanıstanlı olan Xəlilzadı "şəxsi ambisiyalar” üzrə hərəkətdə və Əfqanıstanda "kolonial canişin rolunu oynayacağı müvəqqəti hökumət” yaratmağa cəhdlərdə ittiham edib.


Onun sözlərinə görə, "Taliban” hərəkatı ilə istənilən sülh sazişi Əfqanıstan hökumətinin və cəmiyyətinin tərəf kimi iştirakını nəzərdə tutmalıdır. Vaşinqton isə bunun əvəzinə Kabilə danışıqların gedişi barədə informasiyanı belə vermək istəmir.


Birləşmiş Ştatların dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl isə öz növbəsində Əfqanıstan Prezidentinin müşaviri ilə görüşərək ona Amerika hökuməti adından narazılığını bildirib. Dövlət Departamenti, həmçinin Xəlilzada hücumların əslində Dövlət Departamentinə edildiyini və ikitərəfli danışıqlara və sülh prosesinə yalnız zərər vurduğunu bildirib.


Ən sərt cavab isə ABŞ-ın Əfqanıstandakı səfiri Con Bass tərəfindən verilib. Onun sözlərinə görə, Əfqanıstanda korrupsiya və Amerika xalqının göndərdiyi avadanlığın, fondların, həmçinin digər yardımların düzgün istifadə olunmaması bu ölkə uğrunda həlak olanların xatirəsinə təhqirdir.


Qeyd edək ki, martın 12-də Zalmay Xəlilzad "Taliban” hərəkatı ilə Dohada keçirilən danışıqların nəticələrinə əsasən, tərəflərin ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsi və terrorla mübarizə barədə saziş layihəsi hazırladığını bildirib.


Son 4 il ərzində hərəkatın silahlı qüvvələri Əfqanıstanda öz nəzarət zonasını xeyli genişləndirib. Hazırda taliblər ölkə ərazisinin təxminən 60 faizinə nəzarət edir.

Xəbər lenti