Xəzər Xəbər

Avropa İttifaqından Britaniyaya yeni “Brexit” təklifi

Dünya | 12:59 • 9 Mart 2019
Avropa İttifaqından Britaniyaya yeni “Brexit” təklifi
Avropa İttifaqı (Aİ) "Brexit”dən sonra Böyük Britaniyanın Gömrük İttifaqından birtərəfli qaydada çıxmaq hüququnu tanıya bilər.


Bunu Aİ-nın "Brexit” üzrə danışıqlarda baş nümayəndəsi, daxili ticarət üzrə avrokomissar Mişel Barnye Brüsseldə Aİ-nın 27 üzv dövlətinin səfirləri ilə keçirdiyi iclasdan sonra bəyan edib. Lakin bildirib ki, İrlandiya dövləti ilə Birləşmiş Krallığın Şimali İrlandiya regionu arasında fiziki sərhəd tətbiq edilməməlidir.

"Britaniya öz iradəsi əleyhinə Gömrük İttifaqında saxlanıla bilməz. Bu səbəbdən də, Avropa İttifaqı Britaniyaya birtərəfli qaydada Gömrük İttifaqından çıxmaq seçimi verə bilər. Amma tədbir maddəsinin İrlandiya ilə Şimali İrlandiya arasında fiziki sərhəddi əngəlləyən digər bəndləri olduğu kimi qalmalıdır”, - deyə Barnye vurğulayıb.

Avrokomissar onu da bildirib ki, Britaniyanın Aİ-dan sazişlə ayrılmasına nail olmaq üçün işləri intensiv şəkildə davam etdirəcəklər.

Hazırda Britaniya Aİ bazarına tarifsiz girişə malikdir. Lakin şirkətlər sazişsiz "Brexit” zamanı İttifaqdan alınan məhsullara tariflərin tətbiq olunub-olunmayacağı ilə bağlı ciddi narahatlıq keçirirlər. Bu mənada, Britaniyanın ticarət naziri Liam Foks bəyan edib ki, "Brexit” prosesi heç bir saziş olmadan baş tutarsa, London İttifaq məhsullarına tətbiq edilməsi planlaşdırılan gömrük rüsumlarını müəyyənləşdirəcək.

Qeyd edək ki, 2016-cı ilin iyununda keçirilən referendimun nəticəsinə uyğun olaraq, "Brexit” prosesi 2019-cu ilin 29 martında rəsmən başa çatmalıdır. Lakin son tarixə 20 gün qalmasına baxmayaraq, Britaniya parlamenti ilə hökumət arasında "Brexit” sazişinə dair yekun razılaşma yoxdur. Britaniya baş naziri Tereza Mey isə bildirib ki, əgər 12 martdakı səsvermədə parlament "Brexit” sazişi ilə bağlı hökumətin təqdim etdiyi şərtləri bir daha təsdiqləməsə, onda ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin başqa vaxta təxirə salınması üçün Brüsselə rəsmi müraciət edəcək.

Leyboristlər Partiyasının lideri Ceremi Korbin isə bəyan edib ki, parlament hökumətin alternativ planını rədd etdikdən sonra dərhal "Brexit”lə bağlı yeni referendumun keçirilməsini dəstəkləyəcəklər./azvision.az

Xəbər lenti