Xəzər Xəbər

BMT Şimali Koreyaya təcili humanitar yardım göstərməyə çağırıb

Dünya | 17:51 • 6 Mart 2019
BMT Şimali Koreyaya təcili humanitar yardım göstərməyə çağırıb

Şimali Koreyanın ərzaq və tibbi preparat çatışmazlığından əziyyət çəkən 3,8 milyon əhalisinin həyatının xilası üçün bu ölkəyə 120 milyon dollar həcmində təcili humanitar yardım göstərilməlidir.


AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu çağırış təşkilatın Pxenyandakı əlaqələndiricisinin bəyanatında yer alıb.


Ekspertlərin hesablamalarına əsasən, hazırda KXDR-in 25 milyonluq əhalisinin təxminən 11 milyonu ərzaq, içməli su çatışmazlığından əziyyət çəkir, normal sanitar şəraitdən və səhiyyə xidmətindən məhrumdur. Sənəddə bildirilir ki, aclığın geniş yayılması bütöv uşaq nəslinə təhlükə yaradır. Xroniki aclıq səbəbindən hər 5 uşaqdan birinin inkişafında ləngimələr qeydə alınır. Bu, səhiyyə sahəsinin məhdud imkanları və təhlükəsiz içməli suyun çatışmazlığı, həmçinin sanitar-gigiyenik xidmətlərin pis vəziyyətdə olması ilə birlikdə uşaqların xəstəlik səbəbindən tələfolma risklərini artırır.


Beynəlxalq təşkilatların məlumatına görə, 2018-ci ildə KXDR-də istehsal olunan qida məhsullarının həcmi son 10 ildə ən aşağı səviyyəyə düşüb ki, bu da ərzaq məhsullarının ciddi qıtlığına səbəb olub.


KXDR 2017-ci ilin dekabr ayından BMT Təhlükəsizlik Şurasının sərt sanksiyalarına məruz qalıb. Sanksiyalar respublikanın xarici ölkələrlə ticarətini xeyli məhdudlaşdırır və ölkəyə gətirilən qida məhsullarının kəskin azalmasına səbəb olur.

Xəbər lenti