Xəzər Xəbər

Ehtiyatlı olun: Təyyarədə də gizli kamera var

Dünya | 13:53 • 22 Fevral 2019
Ehtiyatlı olun:

Keçən ilin ən yaxşı aviaşirkəti seçilən "Singapore Airlines”ın Boeing 747 təyyarəsində sərnişin gizli kamera aşkarlayıb. Kamera oturacaqların önündə əyləncə məqsədilə quraşdırılan ekranda olub.

Sərnişin bu barədə Twitter-də paylaşım edib. O, "Singapore Airlines” şirkətindən məsələ ilə bağlı izahat istəyib.

Bu paylaşım sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. "Bu kameralar nə məqsədlə quraşdırılıb və onların qeydə aldığı informasiyalar harada saxlanılır?”, "Aviaşirkət təyyarə salonunda kameraların quraşdırılmasını sərnişinlərə necə izah edir?”, – deyə sosial şəbəkə istifadəçiləri etiraz ediblər.

Bəzi istifadəçilər isə bildirirlər ki, onlar bənzər kameraları başqa hava yolları şirkətlərinin təyyarələrində də görüblər.

"Singapore” aviaşirkətinin rəsmi səhifəsi də Twitter-dəki müzakirələrə qoşulub: "Məsələ burasındadır ki, bizə təqdim olunan bir sıra müasir əyləncə sistemlərində artıq kameralar quraşdırılıb. Amma bu kameralar söndürülüb və biz onlardan istifadə etmək niyyətində deyilik”.

2018-ci ildə "Singapore Airlines” "ilin ən yaxşı aviaşirkəti” elan olunub. "Airline Ratings” onlayn səyahət xidmətinin ekspertləri reytinq cədvəlini müəyyənləşdirərkən uçuşların təhlükəsizliyi və sərnişinlərin uçuşlar barədə fikirləri nəzərə alınıb./Bizimyol.info

Xəbər lenti