Xəzər Xəbər

Böyük Britaniya parlamenti hökumətə sosial medianı tənzimləməyi tövsiyə edib

Dünya | 18:13 • 18 Fevral 2019
Böyük Britaniya parlamenti hökumətə sosial medianı tənzimləməyi tövsiyə edib

Böyük Britaniya parlamentinin rəqəmsal texnologiya, idman, media və mədəniyyət məsələləri üzrə Komitəsi hökumətə sosial medianı tənzimləməyi tövsiyə edib.


AZƏRTAC Britaniya mətbuatına istinadla xəbər verir ki, komitənin hesabatında texnologiya şirkətlərinin fəaliyyətində etik normaların qorunması, müstəqil tənzimləyici şirkətlər ilə hakimiyyətin bu sahədə qanunvericiliyə uyğun tədbirlər görməsi təklifləri yer alıb.


Parlament komitəsinin yekun hesabatında qeyd olunub ki, sosial media şirkətləri yanlış informasiyaların, feyk xəbərlərin yayılması, onların məzmunu ilə bağlı məsuliyyətin artırılması, həmin xəbər mənbələrinin etibarlılığı məsələlərini də tənzimləməlidir. Hesabat müəllifləri xəbərdarlıq edirlər ki, bu sahədə Britaniya qanunvericiliyi mükəmməl olmadığından, xarici ölkələrin kəşfiyyat orqanları ölkə ərazisində təxribat xarakterli məlumatlar yaya bilirlər. "Bununla əlaqədar hökumət 2014-cü ildə Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum, 2016-cı ildə Avropa İttifaqı referendumu və 2017-ci ildə ümumi seçkilərlə əlaqədar yayılmış feyk xəbərləri araşdırmaq üçün təhqiqat aparmalıdır”, -deyə sənəddə vurğulanır.


Hesabatda "Facebook”un həmtəsisçisi və icraçı direktoru Mark Zukkerberqə qarşı ittihamlar da yer alıb. "Burada yerləşdirilən zərərli informasiyalar, yanlış məlumatlar və mənbəyi bilinməyən "qaranlıq statuslar” səbəbindən demokratiya və vətəndaşların hüquqları təhlükə altına alınır”, deyə Komitənin sədri Demien Kollins vurğulayıb. O, insanların şəxsi məlumatlarının və sirlərinin də pul əldə etmək istəyən kiçik texnoloji şirkətlər tərəfindən oğurlandığını əlavə edib. Komitə sədri Zukkerberqin bu məsələlərdə yetərincə idarəçilik keyfiyyətləri və məsuliyyət göstərmədiyini də diqqətə çatdırıb. Buna misal olaraq, Kollins İngiltərədə yerləşən "IT firm” və "Cambridge Analytica” şirkətlərinin "Facebook” vasitəsilə ABŞ-da iznsiz olaraq milyonlarla istifadəçinin məlumatlarını götürdüyünü də bildirib.

Xəbər lenti