Xəzər Xəbər

Britaniya XİN: Qarşılıqlı etimad olmadan Brexit probleminin həlli mümkün deyil

Dünya | 16:23 • 18 Fevral 2019
Britaniya XİN: Qarşılıqlı etimad olmadan Brexit probleminin həlli mümkün deyil

Brexit ətrafında yaranmış vəziyyəti yalnız Böyük Britaniya və Avropa İttifaqı hakimiyyət orqanlarının qarşılıqlı etimadı sayəsində siyasi dalandan çıxarmaq mümkündür.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceremi Hant Avropa İttifaqı ölkələrinin XİN rəhbərləri ilə görüşü ərəfəsində deyib. Nazirin sözlərinə görə, hazırda Brexit məsələsini müzakirə etmək üçün həlledici məqam yetişib və tərəflər Britaniya parlamentinin dəstəyini qazanacaq yolun tapılacağına ümid bəsləyir.


"Lakin bunun üçün etimad lazımdır, çünki burada növbəti 25 il ərzində Böyük Britaniyanın avropalı qonşuları ilə münasibətlərdən söhbət gedir”, - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.


Fevralın 14-də Britaniya parlamenti Baş nazir Tereza Meyin Brexitin reallaşdırılması təklifini dəstəkləməkdən imtina etdikdən sonra həm Britaniya iqtisadiyyatı, həm də qitədəki ixracatçılara mənfi təsir göstərə biləcək sazişsiz Brexit ehtimalı artıb. Səsvermə simvolik xarakter daşısa da, vəziyyətin bu cür inkişafı Brexitin reallaşdırılması məsələsində Nazirlər Kabinetinə əlavə təzyiq kimi qiymətləndirilir.


Tereza Meyin danışıqları yenidən başlamaq cəhdlərinə baxmayaraq, Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk Aİ-nin 2018-ci il noyabrın 25-də Brüssel və London arasında əldə olunan sazişin şərtlərini dəyişməyəcəyini bildirib. Britaniya parlamenti isə öz növbəsində "bekstop”a - keçid dövründən sonra Şimali İrlandiyanın Avropa İttifaqının gömrük ittifaqında və vahid Avropa bazarında qalması barədə şərtə düzəliş edilmədən saziş layihəsini dəstəkləməkdən imtina edib.


Tereza Mey Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə "bekstop”a dəyişiklik edilməsi üçün dialoqu davam etdirmək məqsədilə bu həftə Brüsselə getmək vədi verib.


Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumda Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çixmasına səs vermişdi. Lakin noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirmişdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti