Xəzər Xəbər

Səudiyyə ilə Pakistan 20 milyardlıq müqavilə imzaladı

Dünya | 11:52 • 18 Fevral 2019
Səudiyyə ilə Pakistan 20 milyardlıq müqavilə imzaladı
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İslamabada 2 günlük səfəri çərçivəsində Pakistanla 20 milyard dollarlıq investisya müqaviləsi imzalayıb.


"Reuters” xəbər verir ki, bu barədə Məhəmməd bin Salman özü "Arabiya” telekanalının efirində bəyan edib. Müqavilənin imzalanma mərasimində Pakistanın baş naziri İmran xan və hökumətin digər nazirləri də iştirak ediblər.

"Pakistan gələcəkdə çox vacib ölkə olacaq və biz də bunun bir parçası olacağımıza əmin olmaq istəyirik” - Məhəmməd bin Salman deyib.

Vəliəhd şahzadənin rəsmi Ər-Riyadın adından imzaladığı bu müqavilə ilə Pakistanın neft-kimya, mədən sənayesi, enerji istehsalı, bərpa olunan enerji layihələri, gənclər və idman sahəsi, həmçinin, xidmət və bank sektoruna ümumilikdə 20 milyard dollar məbləğində sərmayə yatıracaq.

Bundan əvvəl Çin-Pakistan İqtisadi Dəhlizi layihəsinə qoşulan Səudiyyə Ərəbistanı layihənin son nöqtəsi olan Qvadar limanında 10 milyard dollarlıq neft emalı zavodunun tikintisini öz boynuna götürmüşdü.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin Pakistandan sonra Hindistan və Çinə də səfərləri nəzərdə tutulub./azvision.az

Xəbər lenti