Xəzər Xəbər

Çin və ABŞ ticarət danışıqlarını Vaşinqtonda davam etdirəcəklər

Dünya | 15:58 • 15 Fevral 2019
Çin və ABŞ ticarət danışıqlarını Vaşinqtonda davam etdirəcəklər

Çin və ABŞ ticarət mübahisələrinə dair danışıqları gələn həftə Vaşinqtonda davam etdirməyi qərara alıblar.


Fevralın 14-15-də Pekində keçirilən görüşdə tərəqqi əldə edilsə də, yekun razılıq olmayıb. Bununla belə, tərəflər danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.


Görüşdə Çin tərəfinə Dövlət Şurası Sədrinin (Baş nazir) müavini Liu Xı, ABŞ nümayəndə heyətinə isə ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin rəhbərlik ediblər.


S.Mnuçin "Tvitter” səhifəsində Pekində məhsuldar görüş keçirdiklərini yazıb.


Qeyd edək ki, ötən ilin dekabrında Çin və ABŞ dövlət başçılarının görüşündə ticarət mübahisələrinə dair danışıqların davam etdirilməsi barədə razılıq əldə olunmuşdu. ABŞ tərəfi həmin görüşdən sonra Çin məhsullarına yanvarın 1-dən planlaşdırılan vergi artımını martın 2-nə qədər təxirə saldığını açıqlamışdı. Əgər danışıqlar müsbət nəticə verməsə, Birləşmiş Ştatlar 200 milyard dollar dəyərində Çin məhsullarına 25 faizlik əlavə idxal rüsumları tətbiq edəcək. Güman olunur ki, ABŞ-ın müəyyən etdiyi son gün danışıqların davam etdirilməsi üçün uzadıla bilər. (AZƏRTAC)

Xəbər lenti