Xəzər Xəbər

Müharibə hər an başlaya bilər – ABŞ HƏRƏKƏTƏ KEÇDİ

Dünya | 15:28 • 15 Fevral 2019
Müharibə hər an başlaya bilər

ABŞ humanitar böhran bəhanəsi ilə müdaxilənin gizli planı çərçivəsində Venesuelaya daha yaxın ərazilərə xüsusi təyinatlı dəstələr göndərib.

"Röyters” agentliyi xəbər verir ki, bu haqda Kuba hökumətinin məlumatında deyilir.

Xəbərə görə, fevralın 6-dan 10-dək olan dövrdə Puerto-Rikoda Rafael Miranda adına aeroportda, Dominikan Respublikasında San-İsidro təyyarə bazasında və strateji əhəmiyyətə malik başqa Karib adalarında ABŞ-ın hərbi-nəqliyyat təyyarələri enib.

Kubanın məlumatına görə, uçuşlar, ehtimal ki, "bu ölkələrin hökumətlərindən xəbərsiz” təşkil edilib.

"Bu reyslər xüsusi təyinatlı dəstələr və dəniz piyada qoşununun korpuslarının yerləşdiyi Amerika hərbi obyektlərindən göndərilib. Onlar məxfi missiyalar üçün istifadə olunurlar”, - xəbərdə deyilir.

Venesuela məsələləri üzrə ABŞ-ın xüsusi nümayəndəsi Elliot Abrams isə Kubanın bəyanatlarını növbəti yalan adlandırıb.

Xatırladaq ki, yanvarın 23-də müxalifət lideri və parlamentin spikeri Xuan Quaydo özünü Venesuelanın müvəqqəti prezidenti elan edib. ABŞ, Kanada, Avropa İttifaqı, Latın Amerikası ölkələrinin əksəriyyəti, həmçinin bir sıra başqa dövlətlər rəsmən onu müvəqqəti dövlət başçısı kimi tanıyıblar.

ABŞ prezidenti Donald Tramp Venesuelaya Amerika hərbçilərinin göndərilməsi imkanına baxır. O qeyd edib ki, bu variantlardan biridir, amma prezident belə addıma hansı halda gedəcəyini dəqiqləşdirməyib.

Bu günlərdə BBC-yə danışan Venesuela prezidenti Nikolas Maduro ölkəsinə humanitar yardımların göndərilməsinə icazə verməyəcəyini deyib. O, bu qərarı belə izah edib ki, humanitar yardımlar ABŞ işğalının qanuni göstərilməsi yoludur./publika.az

Xəbər lenti