Xəzər Xəbər

Səddamın nəvəsi ilk dəfə danışdı: O GECƏ… TÜKÜRPƏDİCİ XATİRƏLƏR

Dünya | 15:18 • 15 Fevral 2019
Səddamın nəvəsi ilk dəfə danışdı: O GECƏ…

İraqın keçmiş lideri Səddam Hüseynin nəvəsi Harir Hüseyn Kamil ölkəsinin ABŞ tərəfindən işğal edildiyi 2003-cü ilin dəhşətli günlərini "Səddamın nəvəsi” kitabına köçürüb.

"Anadolu” agentliyi xəbər verir ki, kitabla bağlı müsahibə verən Kamil Səddamın qızı Rağadın oğlu olduğunu bildirib.

İordaniyada ali təhsil alan Kamil ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsindən sonra ailəsi ilə birlikdə ölkəni necə tərk etdiyini danışıb:

"ABŞ qüvvələri İraqa girəndə bütün ailə üzvlərimiz uşaqları ilə ölkəni tərk etdi. Ölkəni tərk etdiyimiz gecə soyuq və həddindən artıq qaranlıq idi. Səddamın qızları Rağad və Rananın uşaqları ilə Mosulda olduqları xəbərləri sızandan sonra ölkəni tərk etdik. Uşaq və qadınlarımızın həyatına təhlükə olduğu üçün ölkəni İraq-Suriya sərhədi ilə tərk etdik. Bu, bizim üçün böyük bir risk idi, Suriya gücləri orada insanların olduğunu bilsəydilər, atəş aça bilərdilər. Daha sonra İordaniya tərəfindən qonaq edildik. Bu günə qədər İraq pasportuna sahib ola bilmədiyimiz üçün bizə ərəb pasportu verildi. Bundan əlavə aylıq maaş və ev verildi. Bu vəziyyət günümüzə qədər davam edir”.

O, Səddamın ailəsinin, xüsusilə anası və qardaşlarının bəzi insanlardan ölüm təhdidləri aldığını söyləyib.

İraqı tərk etməsindən sonra İngiltərədən dəvət aldıqlarını deyən Kamilin sözlərinə görə, bu təklif orada heç bir siyasi fəaliyyətlə məşğul olmamaq qarşılığında edilmişdi.

O, "Səddamın nəvəsi” kitabında ailənin qadın üzvləri və özünün Səddamla bağlı xatirələrinə yer verib. ABŞ işğalının ilk dövrü ilə əlaqədar qiymətləndirmələr edən Kamil kitabın son hissəsində babasının edamına toxunub.

Kitab ötən ay Birləşmiş Ərəb Əmirliklərində keçirilən 37-cü Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilib./publika.az

Xəbər lenti