Xəzər Xəbər

Hindistanın Baş naziri Pakistanı terrorçuları dəstəkləməkdə ittiham edib

Dünya | 14:02 • 15 Fevral 2019
Hindistanın Baş naziri Pakistanı terrorçuları dəstəkləməkdə ittiham edib

Hindistanın Baş naziri Narendra Modi Cammu və Kəşmir ştatında törədilən partlayışla bağlı Pakistanı ittiham edib. O, İslamabadın hərbi polis konvoyuna bombalı hücum təşkil edən "Ceyş-ə-Məhəmməd” qruplaşmasını dəstəklədiyini iddia edib.


AZƏRTAC "Reuters” agentliyinə istinadla xəbər verir ki, N.Modi hərbi polisin 45 əməkdaşının həlak olduğu terror aktına görə Pakistana sərt cavab veriləcəyini deyib. Ekspertlər bildirirlər ki, bu terror aktından sonra Hindistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazirin rəhbərlik etdiyi milliyyətçi partiya sözügedən insidentin fonunda nüfuzunu gücləndirmək üçün qətiyyətli addımlar ata bilər. Bu isə, öz növbəsində, nüvə silahına malik olan iki ölkə arasında gərginliyin artmasına səbəb olacaq.


"Biz ölkəmizdə sabitliyi qorumaq üçün qonşumuza qarşı adekvat addımlar atacağıq” deyən N. Modi əlavə edib ki, Pakistanın bu terror aktında əli olduğuna dair Hindistan hökumətinin əlində təkzibolunmaz sübutlar var. İslamabad isə onun bu ittihamlarını rədd edib.


Baş nazirin terror aktı ilə əlaqədar keçirdiyi fövqəladə müşavirədən sonra jurnalistlərə müsahibə verən Hindistanın xarici işlər naziri Arun Ceytli bildirib ki, Pakistanın beynəlxalq miqyasda diplomatik təcridi istiqamətində müvafiq addımlar atılacaq.

Xəbər lenti