Xəzər Xəbər

“Fukusima-1” AES-də nüvə yanacağının çıxarılması araşdırılır

Dünya | 09:56 • 15 Fevral 2019
“Fukusima-1” AES-də nüvə yanacağının çıxarılması araşdırılır

Yaponiya hökuməti "Fukusima-1” AES-də nüvə yanacağının çıxarılmasını araşdırmağa başlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya KİV-ləri məlumat yayıb.


Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələdən sonra yaranan nəhəng sunami dalğalarının sahilə çıxması "Fukusima-1” atom elektrik stansiyasında (AES) dəhşətli qəza ilə nəticələnib. Elektrik enerjisi verilişinin dayanması soyutma sisteminin sıradan çıxmasına səbəb olub ki, bu da 1, 2 və 3 nömrəli reaktorlarda yanacağın əriməsi, partlayış və böyük miqdarda radioaktiv maddələrin ətraf mühitə atılmasına gətirib çıxarıb.


Qəza nəticəsində qoruyucu örtüyün altında nüvə yanacağı qalıqlarının toplandığı güman edilir. Həmin qalıqlar 2017-ci ilin iyulunda 3 nömrəli, 2018-ci ilin yanvarında isə 2 nömrəli reaktorlarda aşkar edilib.


Mütəxəssislərin rəyinə görə, reaktorların söküntüsü zamanı yüksəkradiasiyalı qalıqların çıxarılması işin ən təhlükəli hissəsini təşkil edəcək.


Məlumatda qeyd edilir ki, ABŞ-ın "Three Mile Island” AES-də baş verən qəzadan sonra nüvə yanacağının çıxarılması 1979-cu ildən 1990-cı ilədək davam edib. Keçmiş SSRİ-də "Çernobıl” AES-də 1986-cı ildə baş verən qəzadan sonra isə nüvə yanacağının qalıqları sarkofaq adlandırılan metal və sement qatla qapanıb.


"Fukusima-1” AES-də aparılan araşdırmaları təhlil edən mütəxəssislərin qənaətinə görə, burada məqsəd nüvə yanacağı qalığını təhlükəsiz çıxarmaq üçün lazım olan avadanlığın təyin edilməsidir. Yaponiya hökuməti və "Tokyo Electric Power Co.” şirkəti qalıqları 2021-ci ildə çıxarmağı planlaşdırır və 2020-ci ilin martınadək bu işin hansı reaktordan başlanacağını dəqiqləşdirmək istəyirlər. Burada əsas diqqətin görüləcək işlərin təyin edilən cədvələ uyğun aparılmasına yönələcəyi bildirilir.

Xəbər lenti