Xəzər Xəbər

Hindistanda partlayış: ölənlərin sayı 39-a çatıb

Dünya | 09:10 • 15 Fevral 2019
Hindistanda partlayış: ölənlərin sayı 39-a çatıb

Hindistanın nəzarətində olan Kəşmir bölgəsində əldəqayırma bombanın partladılması nəticəsində həlak olan mərkəzi ehtiyat polisi əməkdaşlarının sayı 39-a çatıb.


Xezerxeber.az xəbər verir ki, Pulvama dairəsində 50-60 kiloqram partlayıcı bomba yüklənmiş avtomobilin polislərin olduğu avtobusa çırpılması nəticəsində ilk olaraq 10 nəfər ölmüşdü. Lakin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilənlərdən 29 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Bundan başqa, müxtəlif dərəcədə xəsarət alan 40-a yaxın polis xəstəxanada həkim nəzarətindədir.


Bildirilir ki, avtobus Srinaqar şəhərinə gedən və 2547 nəfər hərbiləşdirilmiş polisi aparan 78 nəqliyyat vasitəsindən ibarət konvoynun tərkibində olub. Hadisə yerli vaxtla saat 15:30 radələrində baş verib. Polis partlayışı 20 yaşlarında oğlanın törətdiyini ehtimal edir. Hadisənin məsuliyyətini bölgədə fəaliyyət göstərən "Ceyş-ə-Məhəmməd” qruplaşması öz üzərinə götürüb. Onlar ştatın müstəqilliyi və qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparırlar.


Qeyd edək ki, 1947-ci ildə Böyük Britaniya ordusunun Hindistandan çıxmasından sonra Kəşmir bölgəsi Pakistan və Hindistan arasında mübahisəli zonaya çevrilib. Həmin il əhalisinin 90 faizinin müsəlman olduğu bu ərazidə iki dövlət arasında müharibə başlayıb və 1965-1990-cı illərdə davam edib. Hazırda Kəşmirin 45 faizi Hindistanın, 35 faizi Pakistanın, qalan 20 faizi isə Çinin nəzarəti altındadır. BMT-nin bu münaqişə zonası ilə bağlı bir neçə qətnaməsi olsa da, Hindistan onlara əməl etməkdən boyun qaçırır.

Xəbər lenti