Xəzər Xəbər

Çin xaricə səyahət edən turistlərin sayına görə liderliyini qoruyur

Dünya | 14:16 • 14 Fevral 2019
Çin xaricə səyahət edən turistlərin sayına görə liderliyini qoruyur

Ötən il 149,72 milyon Çin vətəndaşı xaricə turist səfərinə gedib.


AZƏRTAC Çin Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, bu rəqəm 2017-ci ildəki göstəricidən 14,7 faiz çox olmaqla bərabər, Çinin xaricə gedən turistlərin sayına görə dünya liderliyini də qoruyub. Son 7 ildə xarici ölkələrə turist kimi ən çox səfər edənlərin sayına görə çinlilər birinci yerdədir. Qlobal turizm dövriyyəsinin təxminən 15 faizə yaxını çinli turistlər tərəfindən təmin edilir. Çinlilər arasında xaricə səfərlərin çoxalmasına səbəb son illər əhalinin gəlirlərinin artması və bir çox ölkələrin Çin vətəndaşları üçün viza rejimini sadələşdirməsidir.


Qeyd etmək lazımdır ki, son vaxtlar Çindən Azərbaycana da turist səfərlərinin sayında böyük artım müşahidə olunur. Hazırda Bakı ilə Pekin və Urumçi şəhərləri arasında birbaşa hava əlaqəsinin mövcudluğu, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, habelə "Asan Viza” sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib. Ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə ötən ilin dekabrından etibarən Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Azərbaycan ilə Çinin turizm sahəsində əməkdaşlığını dərinləşdirmək üçün iki ölkənin müvafiq dövlət qurumları arasında müvafiq sənədin imzalanması da nəzərdə tutulub.

Xəbər lenti