Xəzər Xəbər

BMT: Dünyada sərmayələrin həcmi 19 faiz azalıb

Dünya | 19:27 • 21 Yanvar 2019
BMT: Dünyada sərmayələrin həcmi 19 faiz azalıb

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNSTAD) məlumatında bildirilir ki, 2018-ci ildə dünyada sərmayələrin sayı 19 faiz azalıb. Belə ki, 2017-ci ildə 1,47 trilyon dollar olan qlobal investisiyaların miqdarı ötən il 1,2 trilyon dollara enib.


AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, hesabatda bu tendensiyanın qlobal maliyyə böhranı şəraitində üç ildir davam etdiyi, əsas azalmanın isə amerikan biznesinin xarici sərmayələrində müşahidə olunduğu qeyd edilir. Belə ki, hesabat ilində ABŞ sərmayəçiləri öz vəsaitlərini geri çəkərək digər ölkələrə 40 faiz – 451 milyard dollar az investisiya qoyublar. Bu azalma Konqresinin yeni vergi sistemi tətbiq etməsi ilə bağlıdır. Amerikan şirkətlərinin bu addımı Avropaya sərmayə axınını görünməmiş həcmdə - 73 faiz azaldıb. Köhnə qitəyə amerikan sərmayəsi 1990-cı il səviyyəsinə düşüb və cəmi 100 milyard dollar təşkil edib. Bəzi Avropa ölkələrində isə investisiya göstəriciləri mənfi həddə qədər düşüb.


Asiyada sərmayə qoyuluşu 5 faiz, Afrikada isə 6 faiz artıb. Lakin Cənubi Amerika ölkələrində bu göstərici 4 faiz azalıb.


Əvvəlki illərdə olduğu kimi, sərmayə göstəricilərinə görə ABŞ liderlik edir. Ötən il Birləşmiş Ştatların iqtisadiyyatına qoyulan birbaşa investisiyaların həcmi 226 milyard dollar olub. İkinci yerdə 142 milyard dollarla Çin, üçüncü yerdə isə 122 milyard dollarla Böyük Britaniyadır.

Xəbər lenti