Xəzər Xəbər

Paşinyanı çətin günlər gözləyir

Dünya | 15:05 • 21 Yanvar 2019
Paşinyanı çətin günlər gözləyir

Erməni cəmiyyətində Nikol Paşinyanın və ətrafının vədləri ilə bağlı məyusluq yaranır. İndi məlum olub ki, baş nazirin komandasında və parlamentdə bir çox şəxslər qoyulan tələblərə cavab vermirlər. Bu isə vətəndaşlar arasında hakimiyyətdən narazılığı artırır. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki bu fikirləri politoloq Viqen Akopyan yanvarın 21-də keçirdiyi mətbuat konfransında bildirib.


Politoloq əlavə edib ki, indi zaman yeni hakimiyyətin əleyhinə işləyir. Erməni xalqı baş nazirdən sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını gözləyir və onun hər addımını ciddi təhlil edir. Yaranmış vəziyyətdən ciddi narahatlıq keçirən hakimiyyət nümayəndələri, xüsusən baş nazir müxtəlif manevrlər edir, buraxdıqları bu və ya digər nöqsanlara bəraət qazandırmaq istəyirlər. "Komanda üzvləri başa düşürlər ki, "məxməri inqilabdan” sonra yaranmış rahat şərait artıq sona çatıb. İndi cəmiyyətdə tamamilə başqa əhval-ruhiyyə var və bu atmosfer böyük dərəcədə hakimiyyətin lehinə deyil”, -deyə Akopyan diqqətə çatdırıb.


Vətəndaşların əsas diqqətinin yeni parlamentə yönəldiyini vurğulayan politoloq bildirib ki, ötən həftə hakim blok olan "Bizim addım” fraksiyasından bir neçə gənc və təcrübəsiz deputatlar qalmaqallı bəyanatlar veriblər və bundan sonra ictimaiyyətdən üzr istəyiblər. "Xüsusilə, bu blokun deputatı Ayk Koncoryanın Ermənistana dost olan İranı "avtoritar dövlət” adlandırması sosial şəbəkələrdə ciddi söz-söhbətə səbəb olub. Hesab edirəm ki, parlamentdə təmsil olunan gənc deputatlar bu işin incəliklərini öyrənməlidir”, -deyə politoloq əlavə edib.


Erməni media eksperti Tiqran Koçaryan da yeni ölkə parlamentinə yanaşmada bədbindir. Onun sözlərinə görə, deputatların cəmi 10-15 faizi müəyyən təcrübəyə malikdir, qalanların cəmiyyət qarşısında xidmətləri isə Paşinyanın mitinqlərində iştirak etməkdən ibarətdir.

Xəbər lenti