Xəzər Xəbər

Amerikalıların əksəriyyəti növbəti seçkilərdə Trampı dəstəkləmək istəmir

Dünya | 14:56 • 18 Yanvar 2019
Amerikalıların əksəriyyəti növbəti seçkilərdə Trampı dəstəkləmək istəmir

Birləşmiş Ştatların NPR milli ictimai televiziyası, "PBS NewsHour” telekanalı və Marist İnstitutunun apardıqları ictimai rəy sorğusunun nəticələrinə görə, qeydiyyata alınmış seçicilərin yarıdan çoxu Donald Trampın 2020-ci ildə yenidən ABŞ Prezidenti seçilməsini istəmir.


Respondentlərin 57 faizi gələcəkdə Trampın dövlət başçısı olmasının qəti əleyhinədir. Özlərini respublikaçılar kimi təqdim edən seçicilərin 20 faizi, demokrat qismində sorğuda iştirak edənlərin isə 91 faizi bu cür mövqe bildiriblər. Müstəqil seçicilərin 62 faizi də hazırkı Prezidentə səs verməyəcəklərini bildiriblər. Sorğuda iştirak edənlərin yalnız 30 faizi Trampı dəstəkləyəcəklərini deyiblər. Respondentlərin 13 faizi isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini bildiriblər.


Hökumətə ayrılan büdcənin dayandırılması ilə bağlı respondentlərin 54 faizi bu məsələdə dövlət başçısını günahlandırıb. Ümumilikdə 1023 nəfərin iştirak etdiyi rəy sorğusu yanvarın 10-dan 13-dək keçirilib. (AZƏRTAC)

Xəbər lenti