Xəzər Xəbər

Kolumbiyada terror aktın nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb

Dünya | 12:49 • 18 Yanvar 2019
Kolumbiyada terror aktın nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb

Kolumbiyanın paytaxtı Boqotada Milli Polis Akademiyasında törədilən terror aktın nəticəsində həlak olanların sayı azı 21 nəfərə çatıb, 87 nəfər yaralanıb.


Xezerxeber.az xəbər verir ki, zərər çəkənlərin 68-i hələ də xəstəxanadadır. Onların arasında Kolumbiya vətəndaşları ilə yanaşı, akademiyada təhsil alan panamalı və ekvadorlu kursantlar da var.


Kolumbiya öz tarixində ilk dəfədir terrorçu-kamikadzenin törətdiyi terror aktı ilə qarşılaşıb. Terror qurbanlarının xatirəsinə ölkədə üç günlük matəm elan edilib.


Hadisə yanvarın 17-də Boqotanın şimalında yerləşən general Santandera adına akademiyada Kolumbiya polisi əməldaşlarının vəzifələrinin artırılması və kursantların polis sıralarına qəbul olunması münasibətilə keçirilən təntənəli mərasim zamanı baş verib. Tədbir başa çatdıqdan bir neçə dəqiqə sonra ehtiyat nəzarət-buraxılış məntəqəsindən məktəb ərazisinə soxulan terrorçu-kamikadze minalanmış avtomobili akademiyanın korpuslarından birinə çırpıb. Hakimiyyət orqanlarının məlumatına görə, maşında 80 kiloqram partlayıcı olub.


Ölkənin hüquq mühafizə orqanları minalanmış avtomobilin 56 yaşlı kolumbiyalı Xose Aldemar Roxas tərəfindən idarə edildiyini müəyyənləşdirib. Onun hərəkətinin motivləri bəlli deyil. Hazırda terror aktının kim tərəfindən sifariş edildiyi, terrorçunun Kolumbiya ərazisində fəaliyyət göstərən üsyançı qruplaşmalarla bağlı olub-olmadığı araşdırılır.

Xəbər lenti