Xəzər Xəbər

Avropa Nüvə Tədqiqatları Təşkilatının yeni layihəsi mübahisələrə səbəb olub

Dünya | 13:25 • 17 Yanvar 2019
Avropa Nüvə Tədqiqatları Təşkilatının yeni layihəsi mübahisələrə səbəb olub

Avropa Nüvə Tədqiqatları Təşkilatı ( daha çox CERN adı ilə tanınır) Böyük adron sürətləndirici və ya Böyük adron kollayderinin (BAK) gücünü lazım olan səviyyəyə çatdıra bilmir. Alimlər daha güclü və dörd dəfə böyük kollayderə ehtiyac olduğunu bildirirlər.


AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, CERN 2050-ci ilədək "Gələcək siklik kollayder” adlı yeni sürətləndiricinin hazırlanmasına dair plan tərtib edib. BAK-dan dörd dəfə böyük və onqat güclü olacaq yeni qurğunun dəyəri 20 milyard avro olacaq. CERN-in baş direktoru Fabiola Cianotti layihənin böyük nailiyyət olacağını bəyan edib. Onun sözlərinə görə, yaradılacaq kollayder fundamental fizikaya dair bilikləri təkmilləşdirəcək və yeni texnologiyalara təkan verəcək.


Lakin layihənin tənqidçiləri hesab edirlər ki, bu cür böyük məbləği yeni kollayderə deyil, iqlim dəyişməsi ilə bağlı layihələrə xərcləmək daha düzgün olardı.


CERN-in yeni layihəsində artıq mövcud olan 20 kilometrlik tunelin altından 100 kilometr uzunluğu olacaq yenisinin qazılması nəzərdə tutulur. Nəhəng kollayder də burada qurulacaq. Bu plan nəzəriyyəçi fiziklərlə yanaşı, beynəlxalq ekspert komissiyası tərəfindən də qiymətləndiriləcək. 2020-ci ilədək bu sahədə yeni strategiya hazırlanmalıdır.


Ekspertlərdən biri olan London Kolleci Universitetinin professoru Con Battervort bildirib ki, alimlərin hesablamaları özünü doğrultsa, yeni kollayder atom hissəciklərinin daha sürətlə parçalanmasına imkan verəcək. Onların toqquşması nəticəsində əldə olunacaq enerji isə hazırda BAK-da hasil olunandan xeyli çox olacaq. Fiziklər ümid edirlər ki, onlar bu üsulla Kainatı hərəkətə gətirən əsl hissəcikləri aşkar edə biləcəklər.


Hazırda qəbul olunmuş subatom hissəciklərinin qarşılıqlı fəaliyyəti nəzəriyyəsi 17 hissəcikdən ibarətdir, onlardan sonuncusu isə 2012-ci ildə BAK-ın kəşf etdiyi Hiqqs elementar hissəciyidir. Lakin fiziklər bu hissəciklərin qravitasiyaya təsirini müəyyən edə bilməyiblər. Bundan başqa, astrofizikanın inkişafı qarşıya yeni suallar qoyub. Məlum olub ki, qalaktikalar bu nəzəriyyədə göstərildiyindən daha sürətlə fırlanır, Kainat isə daha çox genişlənir, hərçənd nəzəriyyəyə görə, bunun tam əksi olmalıdır. Böyük mənada anlaşılmaz olan "Qara materiya” və "qara enerji” kimi yeni terminlər də bu fenomenin izahı cəhdidir. Eyni zamanda, bəzi fiziklər, o cümlədən mərhum Stiven Hokinq də nisbilik nəzəriyyəsinin də dəyişməsinin zəruriliyini qeyd ediblər. Məlum olduğu kimi, müasir fizika elmi iki nəzəriyyəyə - ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikasına söykənir. Birincisi makrodünyada, ikincisi isə elementar hissəciklərdə baş verənləri izah edir. Uzun illərdir ki, alimlər onların əsasında vahid nəzəriyyə yaratmağa çalışırlar və yeni layihə sayəsində bunun üçün zəruri olan hissəcikləri aşkar edilməsi gözlənilir. Bununla belə, CERN-in özündə də kollayderin bu cür yüksək sürəti əldə edəcəyinə tam əminlik yoxdur.


Böyük Britaniya hökumətinin keçmiş elmi müşaviri, professor Devid Kinq də fiziklərin zəmanət vermədiyi bu layihəyə iri məbləğdə vəsait ayrılmasının əleyhinə çıxıb. Onun sözlərinə görə, bu pullar bəşəriyyətin daha mühüm problemlərinin həllinə yönəldilməlidir.


Lakin CERN-in texnologiya üzrə direktoru Frederik Bordri ingilis həmkarı ilə razı deyil: "Hiqqs elementar hissəciyinin insanlara nə verdiyini soruşanda mən cavab verirəm: xatırlayın, 1897-ci ildə Tomson elektronu kəşf edəndə elektronikanın nə olduğu heç kimə məlum deyildi. Lakin indi müasir həyatımızı elektronikasız təsəvvür etmək mümkün deyil”.

Xəbər lenti