Xəzər Xəbər

Fransada etiraz aksiyalarının gedişində 240 nəfər saxlanılıb

Dünya | 09:25 • 13 Yanvar 2019
Fransada etiraz aksiyalarının gedişində 240 nəfər saxlanılıb

"Sarı jiletlilər”in bu gün Fransada keçirilən növbəti etiraz aksiyalarının gedişində saxlanılanların sayı 240 nəfərə çatıb.


Xezerxeber.az xəbər verir ki, BFM telekanalının polis orqanlarına istinadla yaydığı məlumata görə, bir sıra şəhərlərdə, o cümlədən Parisdə aksiyalar iğtişaşlarla müşayiət olunub. Fransa paytaxtında gün ərzində saxlanılan 120 nəfərdən 74-ü həbs edilib. Onlar hüquq mühafizə orqanları əməkdaşlarına qarşı güc işlətməkdə və qadağan olunmuş silah gəzdirməkdə təqsirləndirilir.


Parisdə Zəfər Tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Polislər onlara atılan daşlara cavab olaraq gözyaşardıcı qaz və su şırnaqları tətbiq ediblər.


Son məlumata görə, etiraz aksiyalarında ümumilikdə 84 min nəfər iştirak edib. Ötən şənbə aksiyalarına nisbətən iştirakçıların sayında xeyli artım olub.


Fransada miqyaslı etirazlar ötən il noyabrın 17-də yanacaq vergilərini və benzinin qiymətini qaldırmamaq tələbi ilə başlayıb. Bu, artıq 9-cu şənbədir ki, "sarı jiletlilər” Parisdə və ölkənin digər şəhərlərində nümayişlərə çıxırlar.

Xəbər lenti